İqlim problemi Xəzər dənizini məhvə sürükləyir, çıxış yolu varmı…

252

Dünyada iqlim şəraitindən, əsasən də planetdə orta temperaturun yüksəlməsindən qaynaqlanan təbii fəlakətlərin sayı 1970-ci ildən 2019-cu ilədək olan dövrdə beş dəfə artıb. Bu barədə məlumat BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının məruzəsində yer alıb.

Təşkilatın baş katibi Petteri Taalasın bəyanatında bu xüsusda qeyd edilir: “Hava, iqlim və hidroloji amillərlə bağlı ekstremal halların miqdarı artır və onlar dünyanın bir çox yerlərində iqlim dəyişikliyi nəticəsində daha tez-tez baş verir, daha sərt olur”. Məruzədə bildirilir ki, 1970-ci ildən sonrakı dövrdə 2 milyondan çox insanın ölümünə səbəb olan və iqtisadiyyata 3,64 trilyon dollar həcmində zərər vuran 11 mindən çox təbii fəlakət qeydə alınıb. Eyni zamanda, ölüm hallarının 91 faizi inkişaf etməkdə olan ölkələrin payına düşüb. Quraqlıqla bağlı ölənlər daha çoxdur və təxminən 650 min nəfər təşkil edir. Fırtınalar 577 min nəfərin, daşqınlar 59 minə yaxın insanın, anomal istilər isə 56 minədək insanın həyatına son qoyub. Məruzəyə əsasən, təbii fəlakətlər nəticəsində iqtisadi itkilərin artımı da qeydə alınıb. Əgər 1970-ci ildə ziyan gündə 49 milyon dollar təşkil edirdisə, 2010-2019-cu illərdə bu göstərici artaraq gündəlik 383 milyon dollara çatıb. BMT-nin Fəlakət Risqinin Azaldılması üzrə xüsusi nümayəndəsi Mami Mizutori bu məruzənin olduqca narahatedici olduğunu bildirib. O qeyd edib ki, bu ilin iyul ayı dünyanın hər tərəfində istilik dalğaları və daşqınlarla qeyd olunan ən isti ay olub.

Araşdırmalar hava şəraitinin sürətlə dəyişməsi və intensivliyi səbəbindən daha çox insanın əziyyət çəkdiyini göstərib. Mizutori keçən il 31 milyon insanın təbii fəlakətlər səbəbindən köçkün düşdüyünü və bu rəqəmin münaqişələr səbəbilə köçkün düşənlərin sayından çox olduğunu bildirib. Onun sözlərinə görə, ekstremal hava şəraiti hər il orta hesabla 26 milyon insanı yoxsulluq həddinə çatdırır. İndi isə koronavirus pandemiyası problemi daha da ağırlaşdırır.

Artıq baş verən dəyişikliklər ölkəmizə də təsir edir. Su ehtiyatlarına mənfi təsir edən bu  dəyişiklik quraqlıq problemini Azərbaycanda da kəskinləşdirir. Amma bu dəyişikliklərin ən çox təsir etdiyi sahələrdən biri də Xəzər dənizidir. Son illərdə Xəzərin ekosistemində tendensiya mənfiyə doğru gedir. Buna iqlim dəyişiklikləri, antropogen amillər təsir edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov qeyd edir ki, son 10 ildə Xəzər regionunda baş verən iqlim dəyişiklikləri su bioloji ehtiyatlarının həcminin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub: “Xəzərin bioloji resurslarının vəziyyəti dənizlə ona tökülən çaylar arasında birbaşa əlaqədə qiymətləndirilməlidir. Hava istiliyində anomal artım, hətta qış mövsümündə də müşahidə olunur. 2010-cu ildən sonra Kür çayının illik axını, demək olar ki, 40-50 faiz azalıb, oxşar proseslər Xəzərə daxil olan çay axınının 85 faizə qədərini təmin edən Volqada da müşahidə olunur. Dəniz suyunun intensiv buxarlanması atmosfer temperaturunun iqlim artımı fonunda Xəzər dənizinin səviyyəsinin, demək olar ki, 1.5 metrə düşməsinə səbəb oldu. Buna baxmayaraq, son illərdə Kür axınının azalması səbəbindən dəniz suyu Salyana qədər çayın aşağı axar hissəsini doldurmağa başladı. Təbii ki, bunun nəticəsində yarıkeçici (çəkikimi balıq növləri) və anadromlu (nərə balıqları, qızılbalıq) balıqların kürüləməsi və təbii çoxalması üçün Kürə girməsi qeyri-mümkün olur. Bu, son 5-6 ildə müşahidə edilir və bu o deməkdir ki, balıq ehtiyatlarının təbii artırılması mümkün deyil, balıq resursları getdikcə azalır. Bütün bunlar bizi nəinki qiymətli vətəgə əhəmiyyətli balıq növlərinin, həm də Xəzərin bütün endemik balıq faunasının, biomüxtəlifliyin azalması ilə təhdid edir”. Onun sözlərinə görə, 2021-ci ilin yazında anomal yüksək hava istiliyi 2011-ci illə müqayisədə dəniz suyunun, xüsusən də səth təbəqələrində temperaturun təxminən 50 dərəcə artmasına səbəb oldu: “Yüksək temperatur, demək olar ki, sayı və biokütləsi təxminən 10 dəfə azalan Xəzər zooplanktonunun biomüxtəlifliyini yandırır. Beləliklə, kilkə və digər xırda balıqlar da daxil olmaqla, digər kiçik balıqların qida ehtiyatlarının azalması müəyyən edildi. Bu da, öz növbəsində, kilkələrlə qidalanan daha böyük balıqların – nərəkimilərin, qızılbalığın, siyənəklərin və hətta Xəzər dənizinin endemiki olan Xəzər suitisinin populyasiyalarının azalması ilə nəticələnir. Müşahidələrimiz göstərdi ki, iyul-avqust aylarında dəniz suyunun istiliyinin artması göyümtül-yaşıl yosun koloniyalarının kütləvi inkişafına və bütün Cənubi Xəzərin dərin sularında su səthinin 50 metrdən çox sahələrində çiçəklənməsinə səbəb olur. Anomal yüksək temperatur fonunda sakit havalarda bu, plankton orqanizmlərinin və balıqların həyatı üçün optimal olmayan suda həll olunmuş oksigen miqdarının azalmasına və bunun nəticəsində dənizin geniş ərazilərində balıqların kütləvi şəkildə tələf olmasına səbəb olur. Bu yay dənizin müxtəlif yerlərində, o cümlədən digər Xəzəryanı ölkələrin sularında müşahidə olunan balıqların kütləvi şəkildə ölüm hallarını xatırlayaq, çünki müəyyən etdiyimiz tədqiqat nəticələri ümumilikdə bütün Xəzər dənizi boyunca ümumi tendensiyanı xarakterizə edir və bu, həmçinin, digər Xəzəryanı ölkələrdən olan həmkarlarımızla aparılan müzakirələrlə də təsdiqlənir”. Ekspert qeyd edir ki, son 10 ildə iqlim dəyişikliyi nəticəsində Xəzərdə dəniz ekosisteminin keyfiyyətcə yeni bir vəziyyəti formalaşaraq inkişaf edir: “Apardığımız tədqiqat balıq ovu araşdırmaları, balıq ehtiyatlarının əhəmiyyətli dərəcədə azaldığını təsdiqlədi. Yaşayış yerlərinin istiliyinin artması fonunda plankton icmasının dəyişməsi Cənubi Xəzərdən müxtəlif növ balıq populyasiyalarının nisbətən daha soyuq Orta Xəzərə yenidən paylanmasına səbəb oldu. Dənizin dibə yaxın təbəqəsində yaşayan balıq növlərinin (kütüm, kefal, nərə balıqları və digərləri) qida obyektləri olan zoobentos orqanizmləri, suyun istiliyinin artması səbəbindən, daha dayaz su zonasından dənizin daha sərin olan dərin sahələrinə köçüb. Hazırda qlobal və regional iqlim dəyişiklikləri nəticəsində Xəzər ekosistemi bir zamanlar kütləvi şəkildə məskunlaşan plankton və zoobentos növlərinin yox olması, həmçinin, araşdırmalarımız nəticəsində aşkar edilmiş yeni növlərin ortaya çıxması ilə xarakterizə olunur. Əlbəttə ki, çox yaxın gələcəkdə bu, nəinki balıqların biomüxtəlifliyinin azalmasına, həm də Xəzər regionunda balıqçılığın sosial-iqtisadi vəziyyətinə təsir göstərəcək”.

Ramil QULİYEV