Plastik – dünya miqyaslı üçqat təhlükədir

229

Plastik bizi hər yerdə təqib edir: quruda, suda və havada. Təcili tədbirlər görülməsə, 2040-cı ilə qədər okeandakı plastikin miqdarı üç qat artacaq. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bu barədə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnqrid Andersen dəniz zibili və plastik tullantılarının problemlərinə həsr olunmuş nazirlər konfransının iştirakçılarına xatırladıb.
Plastikdən istifadənin ziyanı daha ciddidir: “söhbət planetar miqyaslı üçqat böhran”dan gedir, deyə UNEP-in rəhbəri bildirib. Bunlar iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi və çirklənmədir.
Plastik tullantıların yandırılması da daxil olmaqla, mənbəyi plastik olan istixana qazı emissiyaları, əsrin ortalarına qədər CO2 tullantılarının ümumi həcminin 17 faizini təşkil edəcək.
Plastiklə çirklənmiş dənizlər və okeanlar bundan əvvəl istifadə etdiyimiz sərvəti artıq bizə verə bilmirlər, bununla bağlı illik iqtisadi itkilər 2,5 milyard dollar təşkil edir.
“Lakin plastikin okeanda peyda olması səbəbsiz deyil. Yeni araşdırmalar göstərir ki, plastikin 80 faizini okeana 1000 çay gətirir. Bu çayların ekosistemlərinə ziyan vurulur. Şirin sulu göllərə ziyan vurulur, qurudakı ekosistemlərə ziyan vurulur. Lakin plastik çaylara da sehrli çubuğun vasitəsilə daxil olmur”, – deyə UNEP rəhbəri bəyan edib.
1.3 milyard ton bərk tullantı şəhər sakinlərinin hər il “istehsal etdikləri” şeydir. Eyni zamanda, bir çox şəhərlərdə tullantıların düzgün emal edilməsi və təkrar emalı üçün lazımi infrastruktur yoxdur.
İnqrid Andersenin sözlərinə görə, çıxış yolu göz qabağındadır: dəniz zibili problemini həll etmək üçün bütün prosesi: plastik istehsalından onun istifadə edilməsinə və utilizasiyasına qədər tamamilə yenidən nəzərdən keçirmək lazımdır.
UNEP rəhbəri konkret addımlar təklif edir. Birincisi, plastik materialların, xüsusilə də bir dəfə istifadə olunan əşyalar üçün nəzərdə tutulan plastikin istehsalını azaltmaq lazımdır.
Birdəfəlik mallar üçün bütün polimerlərin yarısı yalnız 20 şirkət tərəfindən istehsal olunur, 20 bank isə onlara maliyyə dəstəyi göstərir. Birdəfəlik plastik istehsalçılarının baş şirkətlərinin səhmləri şəklində 300 milyard dollar yalnız iyirmi nəfər aktiv üzrə menecerin əlində cəmlənir.
“Bu şirkətləri həll yollarının axtarışına cəlb etsək və hamımız eyni masaya toplaşsaq, tez bir şəkildə çıxış yolu tapa bilərik”, – deyə İnqrid Andersen vurğulayıb.
Plastik məhsullarının yararlılıq müddəti bitdikdən sonra emal olunması üçün onların dizaynı yenidən nəzərdən keçirilməlidir. UNEP rəhbəri deyir ki, belə çox dövriyyəli yanaşma dənizlərə və okeanlara düşən plastikin miqdarını 80 faiz azalda bilərdi. O zaman plastik xammal istehsalı 55 faiz azalardı. Hökumətlər 2021-2040-cı illərdə 70 milyard dollar qənaət edərdilər. İstixana qazı tullantıları 25 faiz azalardı və 700 min yeni iş yeri açılardı.
İnqrid Andersen milli səviyyədə hərəkətlərin fəallaşmasını plastik probleminin həllində əsas məqam hesab edir. Söhbət tullantılar, istehsalat, dövlət satınalmaları və istehlakçıların məlumatlandırılması sahəsindəki qanunvericilikdən gedir. Plastikin azaldılması məsələsi iqtisadiyyatın bütün sahələrini əhatə etməlidir. Vətəndaşların bu problemin həllinə, o cümlədən kampaniyaların keçirilməsi yolu ilə cəlb edilməsi son dərəcə vacibdir.
“Lakin bütün bunlar yalnız hərtərəfli və əhatəli qlobal yanaşmanın olduğu təqdirdə mümkündür”, – deyə BMT-nin nümayəndəsi konfransa toplaşan müxtəlif ölkələrdən nazirlərə müraciət edərək vurğulayıb.
O qeyd edib ki, dəniz zibili probleminin həlli – hökumətləri, iş dairələrini və ictimaiyyəti bir araya gətirməli olan plastik çirklənmə ilə mübarizədə yalnız ilk mərhələdir.
“Plastik problemini həll etsək, biz nəinki dənizlərimizi təmizləyə biləcəyimizə nail olacayıq. Biz həmin üçqat ümumdünya böhranının öhdəsindən gəlməyə kömək edəcəyik. Biz havamızı, torpağımızı və su ehtiyatlarımızı qoruyacağıq. Öz sağlamlığımızı və planetimizin sağlamlığını qoruyacağıq”, – deyə İnqrid Andersen bildirib.