İran gecə yarısı neft tankerini necə oğurladı

242

2020-ci ilin iyul ayında “Gulf Sky” neft tankeri Birləşmiş Ərəb Əmirlikləri sahillərindən heyət üzvləri ilə birlikdə “itib”. Bir neçə gün sonra tanker İranda peyda olub və ehtimal edilir ki, bu ölkənin beynəlxalq sanksiyalardan yayındırmaqla neft ixrac etmək üçün yaratdığı “kölgə donanmasının” tərkib hissəsinə çevrilib.

virtualaz.org xəbər verir ki, tankerin heyət üzvləri əhvalatın necə baş verdiyini ilk dəfə BBC-yə danışıblar. Bildiriblər ki, gəmiyə silahlı şəxslər hücum etdi. Kapitan Coqindera Sinqh istisna olmaqla qalan heyət üzvləri adlarının açıqlanmasını istəməyiblər.

Beləliklə, həmin gün hindistanlılardan ibarət heyət üzvləri onları aylardır Əmirliklərin sahillərində atmış gəmi sahibi şirkətdən xəbər gələcəyini gözləyirdilər. Gəminin keçmiş və əvvəlki sahibləri arasında məhkəmə çəkişməsi getdiyindən “Gulf Sky” Birləşmiş Ərəb Əmirlikləri sahillərində ilişib qalmışdı. Heyət üzvlərini vaxtlı-vaxtında ərzaq və içməli su ilə təchiz etmirdilər, koronavirus pandemiyasına görə sahilə də çıxmağa imkan vermirdilər. Və aprel ayından bəri maaş da verilmirdi.

Hadisədən bir neçə gün əvvəl heyət üzvləri xəbər alıblar: gəmi sahibləri heyət üzvlərinin problemlərini araşdırmaq və gəminin vəziyyətinə baxmaq üçün müfəttişlər qrupu göndərəcək. Dənizçilər bu xəbərdən xeyli ümidlənmişdilər. Nəhayət həmin gün gecə saatlarında gəmiyə sürətli kater yaxınlaşıb, kapitan dərhal trapı endirib və qonaqları qarşılamağa yollanıb. İlk baxışdan hər şey normal görünürdü. Mavi kombinezonlarda, əllərində qovluqlar olan yeddi nəfər heyət üzvləri ilə birlikdə gəmiyə baxış keçirməyə başlayıblar. Təxminən bir saat sonra baxış tamamlanıb, gələnlər deyiblər ki, 28 heyət üzvünün hamısı yeməkxanaya toplaşsın.

Gələnlərdən biri elan edib ki, tankeri hərəkətsiz neft anbarına çevirmək istəyirlər və kim göyərtədə daha bir neçə ay qalmaq istəyirsə ona əlavə maaş veriləcək. Bu təklifə dənizçilərdən cəmi 2-i “hə” deyəndə vəziyyət kəskin dəyişib. Gecə yarısı idi və kapitan hesab edirdi ki, yəqin indi hamı yatmağa yollanacaq. O qalxıb qapıya tərəf gedəndə qara paltarlı üç nəfərlə qarşılaşıb. Bu şəxslər avtomatla silahlanmışdılar və hamıya döşəməyə uzanmağı əmr ediblər.

“Biz sizə zərər yetirmək istəmirik, amma lazım olsa bunu edərik. Amerika bu gəmini oğurlayıb, biz indi onu geri qaytarırıq. Siz tamamən bizim ixtiyarımızdasınız”,-silahlıların başçısı əmr edib.

Heyət üzvlərindən biri deyir ki, əvvəlcə onlar silahlıların dəniz quldurları olduqlarını güman ediblər, amma silahlılar çox peşəkar hərəkət edirdi. Silahlılar heyət üzvlərinin əllərini bağlayıb və ciblərində nə varsa götürüb. Kimsə qışqırıb köməyə çağıranda silahlılar onları təpikləyib.

Təxminən bir saat bu vəziyyətdə qalandan sonra heyət üzvləri gəminin yırğalandığını, mühərriklərin işə düşdüyünü hiss ediblər. “Gulf Sky” limanı tərk edib və 12 saat dayanmadan üzüb. Nəhayət tanker dayananda dənizçilərin əllərini açıblar və onları başqa otağa aparıblar. Bir neçə gün orada silahlı mühafizəçilərin nəzarəti altında qalıblar, nəzarətçilər ərəbcə danışırdı. Heyət üzvlərindən biri tualetə gedərkən dəhlizdə silahlılardan biri ilə danışa bilib. O deyib ki, azərbaycanlıdır. Amma farsca danışan başqalarının da səsləri eşidilirdi.

Nəhayət heyət üzvləri bu nəticəyə gəliblər ki, gəmini ələ keçirənlərin tərkibi tam dəyişib. Silahlılara göstəriş verən 60 yaşlarında kök kişi heyət üzvlərinə deyib: “Uşaqlar, sizinlə işimiz yoxdur. Bizə tanker lazımdır. Biz onun pulunu ödəmişik, amma köçürmə bloklanıb. Bunda biz günahkar deyilik. Problem bundadır ki, heç bir ölkə, o cümlədən Hindistan sizi qəbul etmək istəmir”.

Amma heyət üzvləri danışırlar ki, silahlılar onları öldürməklə hədələyirdilər. “Biri dedi ki, əgər qaçmağa cəhd etsək bizi güllələyəcək, yaxud başımızı kəsəcək”,-heyət üzvləri deyir.

İyulun 14-də heyət üzvlərini göyərtəyə çıxarıblar. Bəzi heyət üzvləri sahildəki işıqlardan dərhal tanıyıb ki, bura İranın cənubundakı Bəndər-Abbas limanıdır. Onları taxta qayığa oturdublar, gözlərini bağlayıblar. Bu vaxt heyət üzvlərindən biri görüb ki, gəminin adını qara boya ilə örtüblər . Heyət üzvlərini sahilə çıxarıb hərbi aeroporta, oradan isə hərbi nəqliyyat təyyarəsi ilə Tehrana aparıblar. Tehran aeroportundan heyət üzvlərini avtobusla şəhərə tərəf aparaq yol kənarında saxlayıblar, avtobusun salonuna üç nəfər daxil olub. Onlar özlərini Hindistan səfirliyinin əməkdaşları kimi təqdim ediblər. Hindistan vətəndaşlarının İrana necə gəlib çıxdığı haqda əhvalatı kapitandan eşidən diplomatlar sarsılıblar. Nəhayət heyət üzvlərini iyulun 15-də Hindistana yola salıblar. Amma Nyu-Dehlidə onları oteldə yerləşdiriblər və tapşırıblar ki, hələlik heç yana çıxmasınlar. “Dedilər ki, vəziyyət çox təhlükəlidir və gəmidəki adamlar sizi tapa  bilər”,-dənizçilərdən biri deyir.

Gəmi ələ keçirilənə qədər Dominika bayrağı altında üzürdü və “Seven Seas Navigation” şirkətinin idarəsində idi. Hazırda gəminin taleyi məlum deyil, amma ötən ilin avqustunda gəminin transponderi bir neçə həftə açıq olub və nəticədə onun hərəkətini izləmək mümkün olub. Məlum olub ki, gəmi İranın cənub sahilləri boyu üzür. Gəminin adı dəyişdirilib və onun mülkiyyətçisi kimi İranın dağ-mədən şirkəti “Moshtag Tejarat Sanat” göstərilir. Gəminin İran neftini xəlvəti yollarla dünya bazarlarına çıxarmaq üçün istifadə olunduğu təxmin edilir.

 virtualaz.org