Qlobal istiləşmə fonunda Arktikada baş vermiş dəyişikliklər

221

Arktikadakı kiçik mikroorqanizmlər qlobal istiləşməyə reaksiya verir və bunun Yer üzündəki bütün həyata mənfi təsirləri ola bilər.

“Seanews.az” xəbər verir ki, bioloq Martin Nilsen “Porsilda” tədqiqat gəmisində Artika ərazisindəki Disko adasına yollanıb.

Onun dediyinə görə, burada mövcud olan mikroorqanizmlər qida zəncirinin əhəmiyyətli hissəsidir.

Mikroorqanizmlərdən savayı, adada  zooplankton (canlı) və fitoplanktonlar da mövcuddur. Bunlar dəniz canlılarının əsas qida mənbəyidir. İqlim dəyişikliyinin canlılara və bitkilərə təsirini öyrənmək üçün Martin Nilsen götürdüyü nümunələri laboratoriyaya göndərib.

Adıçəkilən ərazidəki mikroorqanizmlər və buranın təbiəti uzun illər boyu alimlər tərəfindən tədqiq edilib.

1906-cı ildən  fəaliyyət göstərən tədqiqat stansiyası adada  bir sıra layihələr icra edib.

Və nəticələr burada istiləşmənin olduqca sürətlə getdiyini və bu prosesin ekologiyaya qısa vaxt ərzində ciddi təsir edə biləcəyini təsdiqləyir.

Nilsen qeyd edir ki, adətən yay aylarında balinaların toplandığı ərazidə  bu il balinalar gözə dəyməyib. Səbəb isə balinaların qidalandığı canlıların – kapelinlərin daha adada mövcud olmamasıdır. Bu vəziyyət canlıların sayının köklü dəyişməsinə və planetin faunasına ciddi təsir edir.

Zooplanktonların və fitoplanktonların mövcud olması əsasən iqlimdən asılıdır. Arktikada buzların sürətlə əriməsi bu canlıların kökünün kəsilməsinə gətirib çıxarır. Və bu proses domino effekti şəklində bütün təbiətə təsir göstərir.

Şərqi Qrenlandiya ilə Norveçin Svalbard arxipelaqı arasındakı Fram boğazında aparılan son araşdırmalar, buzların əriməsi sürətləndikcə yüksək qidalı buz yosunlarının yayda açıq suda çiçək açan fitoplanktonla əvəz oluna biləcəyini göstərir.

Martin Nilsenin silahdaşı Birgitt Denielsen bu ərazidə CO2 və metan qazının səviyyəsinin tədqiqi ilə məşğuldur. Denielsenin gəldiyi qənaətə əsasən, iqlimin istiləşməsindən tullantı qazların miqdarı artır və nəticədə mikroorqanizmlərin mövcud olmasına təsir göstərir. Aparılan ümumi tədqiqatlara görə, iqlim istiliyinin qarşısı alınmazsa, Yer kürəsi ciddi ekoloji fəsadlarla üzləşəcək.

Qrenlandiyanın buz təbəqəsi Antarktidadan sonra dünyanın ikinci ən böyük təbəqəsidir. NASA və Avropa Kosmik Agentliyinin araşdırmalarına görə, adada 1992-2018-ci illərdə 3,8 trilyon ton buzun əriməsi dəniz səviyyəsinin artmasına səbəb olub. Proses davam edərsə, 2100-cü ilədək  hər il 100 milyon insan daşqınların qurbanına çevriləcək.