Azərbaycan Çin üçün əsas tranzit məkana çevrilir…

364

Dünyanın ən böyük ikinci iqtisadiyyatına malik ölkə olan Çin üçün Azərbaycanın tranzit imkanları getdikcə daha cəlbedici xarakter daşımaqdadır. Elə bu səbəbdən Çin həm Azərbaycan üzərindən yükdaşımanın miqdarını artırmaq, həm də bu məqsədlə ölkəmizin tranzit imkanlarının daha da genişlənməsinə yardım etmək niyyətindədir. Bunu Çinin nəqliyyat naziri Li Siaopenin başçılıq etdiyi nümayəndə heyəti ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında onlayn formatda keçirilən görüşün nəticələri də təsdiq edir.

Qeyd edək ki, Çinin nəqliyyat naziri Li Siaopen azərbaycanlı həmkarını oktyabrın 14–16-da Pekin şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İkinci Qlobal Dayanıqlı Nəqliyyat Konfransında iştiraka dəvət edib. Azərbaycanlı nazir, öz növbəsində, çinli həmkarına dəvətə görə təşəkkür edərək konfransda iştirak etməyə hazır olduğunu bildirib. Görüş zamanı iki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın cari vəziyyəti, o cümlədən Çin yüklərinin Azərbaycan üzərindən tranzit daşımalarında Çin tərəfinin dəstəyinin göstərilməsi müzakirə edilib.

Li Siaopen ölkələrimiz arasında nəqliyyat və logistika sahəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyini qeyd edərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Çin Xalq Respublikasının Sədri Tszyan Tszeminin Azərbaycan-Çin siyasi dialoqunun yüksək səviyyədə qurulmasında xüsusi xidmətlərini vurğulayıb. Nazirlərin görüşündə Çinin böyük daşıma şirkətlərinin Azərbaycan üzərindən keçən tranzit marşrutuna dəstək verməsi barədə razılıq əldə olunub. Həmçinin, Çin tərəfinin yükdaşımalar zamanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından istifadə məsələsində dəstəyi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəklədiyi diqqətə çatdırılıb. Bununla yanaşı, iki ölkə arasında normativ-hüquqi bazanın təkmilləşdirilməsi barədə razılıq əldə olunub. Li Siaopen ölkəsinin Azərbaycanda həyata keçirilən infrastrukturun inkişafı, nəqliyyat və logistika layihələrinə dəstək verməyə hazır olduğunu qeyd edib. Əməkdaşlığın daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə hər iki tərəfdən nazir müavinlərinin rəhbərliyi ilə nəqliyyat üzrə işçi qrupun yaradılması barədə razılığa gəlinib.

Ekspertlər qeyd edir ki, bütün bunlar ölkəmiz üçün müstəsna əhəmiyyətə malikdir. Ilk növbədə o baxımdan ki, Çinin Azərbaycan üzərindən yükdaşımaları artırması Azərbaycana kifayət qədər böyük həcmdə gəlir vəd edir. Nəzərə alınmalıdır ki, hazırda Çin dünyada ən böyük ixracatçıdır. Rəsmi Pekin burada onu da nəzərə alır ki, Çindən gələn malların Avropaya daşınması üçün Azərbaycanda indinin özündə də lazımi infrastruktur yaradılıb. Ölkəmizin Qazaxıstanın Aktau limanından yükləri daşımaq üçün güclü donanması var. Bu yüklərin boşaldılması və yola salınması üçün isə Ələtdə beynəlxalq əhəmiyyətli liman tikilib. Limandan yüklərin Avropa ölkələrinə daşınması üçün Bakı-Tiflis-Qars fəaliyyət göstərir. Eyni zamanda, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycanın ərazisindən istifadə edir. Məhz bütün bunlar Çinin, digər layihələrlə müqayisədə, Azərbaycana, xüsusən də Bakı-Tiflis-Qarsa daha çox diqqət ayırmasına rəvac verir. Burada onu da vurğulayaq ki, Azərbaycan müasir nəqliyyat və logistika infrastrukturu yaratması ilə mühüm nəqliyyat mərkəzinə çevrilməklə bərabər, “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığı da genişləndirir. Xüsusən də  “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi geniş şəkildə təşviq edir. Bundan başqa o da faktdır ki, Aralıq və Qırmızı dənizləri bir-birinə bağlayan Süveyş kanalında bu ilin martında yaşanan gəmi böhranı dünya miqyasında alternativ yükdaşımaları xeyli aktuallaşdırıb. Bu, Çin üçün də keçərlidir.

Xatırladaq ki, bütün dünya iqtisadiyyatındakı yükdaşımaların 12%-i Süveyş kanalı vasitəsilə həyata keçirilir. Əsas da Çinlə Avropa arasında yüklərin, demək olar ki, 93%-i Süveyş kanalı ilə daşınır. Süveyş kanalında yaşanan vəziyyət mövcud olan digər dəhlizləri diversifikasiya etmək məsələsinin lazımlılığını aktuallaşdırır. Mövcud vəziyyət Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üçün də yeni bir şansdır. Belə olduqda, Azərbaycan üzərindən daha çox yükdaşımaların həyata keçirilməsi üçün yaxşı imkanlar yaranır. Qeyd edək  ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu “Şərq-Qərb”  dəhlizinin mühüm tərkib hissəsidir. Bu layihənin həyata keçirilməsi 2014-cü ilin 20 fevral tarixində “Azərbaycan Dəmir Yolları” QSC, “Gürcüstan Dəmir Yolları” SC və “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin birgə iştirakı ilə keçirilmiş Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə Əlaqələndirmə Komitəsinin təsis olunması ilə başlayıb. Marşrutun məqsədi Çin, Orta Asiya, Xəzər dənizi, Qara dəniz hövzələri və Avropa ölkələri arasında yük daşımaları dövriyyəsini Azərbaycan üzərindən hər iki istiqamətdə artırmaq, onun rəqabət qabiliyyətliliyini gücləndirməkdir. Transxəzər dəhlizi üzrə yük daşımalarının coğrafiyası Çin-Qazaxıstan sərhədindən başlayaraq, Azərbaycan (Bakı-Ələt-Böyük Kəsik) və Gürcüstandan (Batumi və Poti) keçməklə Qara dəniz hövzəsi ölkələri olan Türkiyə, Ukrayna, Rumıniya və Bolqarıstan üzərindən Avropaya qədər uzanır. Bu zaman bütün marşrut boyu vahid keçid tarifləri müəyyən olunur və “bir pəncərə” prinsipi tətbiq edilir. Bu genişmiqyaslı layihənin Azərbaycan üçün olduqca strateji əhəmiyyət daşıması da birmənalı həqiqətdir. Bakı Transxəzərin səmərəli multimodal dəhlizə çevrilməsi istiqamətində müvafiq addımlar atır. Bu marşrutla yüklərin orta hesabla 12 günə Çindən Avropaya çatdırılması mümkün olduğundan, ona beynəlxalq maraq böyükdür. Transxəzər marşrutunun bünövrəsi təkcə Xəzər dənizi deyil. Onun mühüm komponentləri həm də Qazaxıstan-Çin sərhədi və Qara dəniz sahilində yerləşən limanlardır.  Bakı-Tiflis-Qars dəmir yolu da Transxəzər marşrutunun əhəmiyyətini daha da artırır. Ekspertlər də hesab edir ki, bütün dünyada yeni-yeni nəqliyyat dəhlizlərinin müzakirəyə çıxarıldığı bir dövrdə 150 ildir fəaliyyət göstərən və artıq çəkdiyi yükə çətinliklə tab gətirən Süveyş kanalına alternativ yolların tapılması labüd görünür. Bu fonda Azərbaycanın mühüm coğrafi mövqeyi, nəqliyyat infrastrukturunun müasirləşdirilərək inkişaf etdirilməsi üçün görülən işlər onun ən mühüm beynəlxalq nəqliyyat habına çevrilməsinə hər cür əsas yaradır.  Artıq Transxəzər boyu Çinlə Türkiyə və Avropa arasında “Nomad Express” konteyner qatarları ilə yüklər daşınır. Ötən ilin dekabr ayından Türkiyədən Transxəzərlə Çinin Sian şəhərinə Azərbaycan üzərindən konteyner qatarları göndərilir. Bu marşrut başqalarına nisbətən sürət və qiymətlər baxımından sərfəli olduğu üçün bazarda tezliklə rəğbət qazanıb. İndi bununla Çin özü də yaxından maraqlanır. Bu fonda Çinin Azərbaycanın tranzit imkanlarının yüksəlməsində iştiraka hazır olduğunu bəyan edir. Bu da o deməkdir ki, qarşıdakı dövr ərzində Azərbaycan və Çinin bu sahədə əməkdaşlığı dərinləşəcək. Çin Azərbaycan üzərindən Avropaya daha çox yük daşıyacaq və bu da ölkəmiz üçün yeni böyük dividendlər deməkdir.

Ramil QULİYEV