Azərbaycanın “Narva” torpaqsovuran gəmisi modernləşdirilib

225

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Narva” torpaqsovuran gəmisi üzrə əsaslı təmir və modernləşdirmə işləri aparılıb.

Bu barədə “Report”a ASCO-dan məlumat verilib.

Məlumata görə, 1966-cı ildən istismar edilən gəminin əsas təmiri və modernləşdirilməsi “Bibiheybət” Gəmi Təmiri Zavodunda həyata keçirilib.

Təmir müddətində inşa dövründən quraşdırılmış və istismar vaxtı başa çatmış 2 ədəd KSSM6 tipli baş mühərrik, əsaslı təmir olunmuş 6ЧРПН 36/45 tipli mühərriklərlə əvəz olunub və onlara xidmət edən avadanlıqlar, eləcə də idarəetmə qorunma sistemi yenidən qurulub, 100kVt-luq 1 ədəd dayanacaq mühərriki yeni 150kVt-lıq dizel-generatorla əvəz olunub. Köməkçi sükan qurğusunun idarə olunması üçün yeni dizel-generator quraşdırılıb, elektrik mühərriki yenisi ilə əvəzlənib, elektrik idarəetmə sistemləri dəyişdirilib, 2 ədəd 2OK1Э tipli hava kompressoru WL-33 tipli hava kompressorları ilə, DELAVAL tipli yağ-yanacaq seperatorları СЦ 1,5 tipli yağ-yanacaq seperatorları ilə əvəz olunub. Palçıq sovurmaq üçün istifadə olunan 2 ədəd nasos əsaslı təmir edilib, 600 mm-lik boru xətti və klinket siyirtmələr tam yenilənib, çirkab suların yığılması və təhvili üçün istifadə olunan 4 tonluq su tutumuna malik çən 28 tonluq çənlə əvəz olunub.

Bundan başqa, kayutlarda, maşın, nasos şöbəsində, sanitar sistemlərdə boru xətləri tam təmir olunub, lazımi hallarda yenisi ilə əvəzlənib, suüstü hissələrdə, daxili bölmələrdə, göyərtələrdə böyük həcmdə metal lövhələr dəyişdirilib.

İstismar dövründə gəmi sükanının mexaniki idarə olunmasında çətinliklər olduğundan sistem yenidən qurulub. Hazırda sükanın idarə olunması elektro hidravlik idarəetmə vasitəsi ilə həyata keçirilir.

Eyni zamanda, yük anbarlarının qapaqları, qapaqların qaldırılması üçün istifadə olunan hidravlik qurğular, idarəetmə sisteminin yüksək təzyiqli boruları yenilənib, palçıq (və ya torpaq) sovurmaq üçün istifadə olunan yük qaldırıcı mexanizmlərdə əsaslı təmir işləri aparılıb. Enerji paylayıcı qurğular, rabitə və elektrik radionaviqasiya avadanlıqları, elektrik mühərrikləri tam təmir olunub.

Gəmi tərsanəyə qaldırılarkən gövdənin yararsız hissələri dəyişdirilib, hərəkət-sükan kompleksi, dib-yan armaturları və protektor qurğuları təmir olunduqdan sonra sualtı və suüstü hissələri abraziv qumla təmizlənərək rənglənib. Heyətin yaşayış otaqları lazımi mebellərlə təchiz olunub, gəminin sanitar qovşaqları və yeməkxanası əsaslı təmir edilib.

Mexanizm və elektrik avadanlıqlarının təmiri başa çatdıqdan sonra gəmi müvəffəqiyyətlə dəniz sınağından keçirilib və istismara verilib.