Tutulan karbon qazını daşıyacaq ilk gəmilərin inşası “Dalian Shipbuilding Industry” gəmiqayırma zavoduna etibar edilib

214

“Shell”, “Equinor” və “TotalEnergies – Northern Lights” birgə müəssisəsi, tutulan karbon qazının (CO2-nin) daşınması üçün iki gəmi inşa edəcək. Uzunluğu 130 metr, tutumu 7,5 min kubmetr olacaq gəmilərin tikintisi Çinin “Dalian Shipbuilding Industry” gəmiqayırma zavoduna etibar edilib.

 “Seanews.az”-ın məlumatına görə, mayeləşdirilmiş təbii qazla işləyəcək gəmilər külək turbinləri və hava yağlama sistemi ilə təchiz olunacaq. Bunun karbon qazı tullantılarını 34% azaldacağı gözlənilir.

Gəmilərin 2024-cü ilin ortalarında istismara verilməsi planlaşdırılır. Norveç bayrağı altında üzəcək gəmilər, tutulan CO2-ni maye şəklində xüsusi tanklarda Avropanın sənaye sahələrindən Norveçin  Eigarden bölgəsindəki terminala daşıyacaq. Tutulan karbon qazının həcmi diqqətlə ölçüləcək və bütün zəncir boyunca ötürüləcəkdir.

Xatırladaq ki, tutulan CO2-nin saxlanılması və daşınması üzrə ixtisaslaşan “Dan-Unity CO2” adlı ilk gəmiçilik şirkəti bu ilin yazında Danimarkada yaradıldı.   Yazın sonunda “K Line” və “Mitsubishi Shipbuilding”, dünyanın ilk dəniz CO2 tutma qurğusunu sınaqdan keçirmək planlarını açıqladılar. Testlərin quru yük gəmisində aparılması planlaşdırılırdı.