ABŞ-ın limanları və logistika şirkətləri gecə-gündüz fəaliyyət göstərəcək

310

ABŞ-ın ən böyük yükaşırma müəssisələrindən olan Los-Anceles limanı gecə-gündüz (7/24) iş rejiminə keçib. Bu, limana yük axınının öhdəsindən gəlməyə kömək etməlidir.

“Seanews.az”-ın məlumatına görə, Los-Anceles limanı ilə yanaşı, Kaliforniyadakı Lonq-Biç limanı, habelə “FedEx”, “UPS” və “Walmart” logistika şirkətləri 7/24 iş rejiminə keçib. Bu qərar ABŞ Prezidenti administrasiyasının təşəbbüsü ilə 2021-ci il oktyabrın 13-də qəbul edilib. Rəsmilər şirkətlərin, limanların və həmkarlar ittifaqlarının nümayəndələri ilə görüşüblər. Son günlərdə limanlar və logistika şirkətləri yük axınının öhdəsindən gələ bilmirlər.

Los-Anceles və Lonq-Biç limanları dəniz yolu ilə ABŞ-a daxil olan bütün yük konteynerlərinin təxminən 40%-ni aşırır. Son həftələrdə onlarla gəmi boşaldılacağını gözləyir. Sentyabr ayında növbə gözləyən gəmilərin sayı rekord həddə – 73-ə çatmışdı. Bütün bunlar ABŞ-da, xüsusilə Milad bayramı ərəfəsində bir sıra malların çatışmazlığı və qiymətlərin kəskin artması ilə nəticələnir.