Nərə balıqları Kür çayına buraxılıb

308

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş “Zəngin hövzələr” layihəsi çərçivəsində nərə balıqlarının suya buraxılması mərasimi keçirilib.

“Report” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və IDEA İctimai Birliyinin rəsmilərinin, könüllülərin, məktəblilərin iştirakı ilə keçirilən tədbir zamanı akvakultura şəraitində yetişdirilmiş 10000 nərə balığı Kür çayına buraxılıb, həmçinin zavodun ərazisində ağacəkmə aksiyası keçirilib.

Məlum olduğu kimi, son onilliklər ərzində Xəzər dənizinin nadir balıq növlərinin populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri, çirklənmə, qaçaqmalçılıq və həddən artıq ovlanma nəticəsində məhvolma təhlükəsi həddinə çatıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Böyük Britaniyanın “Mavi Dəniz Fondu” (BLUE) tərəfindən davamlı olaraq birgə mühafizə, bərpa və ictimai maarifləndirmə tədbirləri həyata keçirilir.

“Zəngin hövzələr” layihəsi balıq növlərinin təbii populyasiyasının artırılması, daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Ötən ilin may ayında start verilmiş layihə çərçivəsində indiyədək ümumilikdə 3 milyona yaxın müxtəlif növ balıq körpəsi su hövzələrinə buraxılıb.