Gürcüstanın əsas qaz təminatçısı olan Cənubi Qafqaz Boru Kəmərinə xərclənən vəsait artıb

221

2021-ci ilin ilk doqquz ayı ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülük gücü 46,8 milyon kubmetr olub.

“BP Azərbaycan”dan Oxu.Az-a verilən məlumata əsasən, kəmərin ötürücülüyü ötən ilin eyni dövrü ilə müqayisədə 43,6 faiz artıb.

Müvafiq dövrdə boru kəmərinin əməliyyat xərcləri təqribən 39 milyon dollar, əsaslı xərclər isə təqribən 8 milyon dollar olub. 2020-ci ilin üçüncü rübünün yekunları ilə müqayisədə əməliyyat xərcləri 11,4 faiz artıb, əsaslı xərclər isə sabit qalıb.  

Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. CQBKG (genişləndirilmiş hissəsi) isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBK) sərmayədarları bunlardır: BP (28,83 faiz), TPAO (19 faiz), PETRONAS (15,5 faiz), AzSCP (10 faiz), NİKO (10 faiz), LUKOYL (10 faiz), Cənub Qaz Dəhlizi Midstrim (6,67 faiz). 

Nigar Məmmədova