Süveyş kanalını bağlayan “Ever Given” gəmisi təmirdən sonra istifadəyə verilib

311

Süveyş kanalını bağlayaraq mart ayında qlobal dəniz ticarətini bir həftə ərzində iflic etmiş və 100 gün Misirdə həbs altında saxlanmış “Ever Given” yük gəmisi Çində təmir olunub.

AZƏRTAC xəbər verir ki, gəminin zədələnmiş burun hissəsinin təmiri Çindao şəhərindəki tərsanədə təxminən bir ay davam edib. Təmirdən sonra gəmiyə 20 fut ölçüsündə 5147 ədəd konteyner yüklənib. Gəmi Avropaya yola düşməzdən qabaq əlavə yük qəbul etmək üçün Çinin Şanxay və Ninbo limanlarına yan alacaq. Bu, “Ever Given” yük gəmisinin təmirdən sonra ilk səfəri olacaq.

Qeyd edək ki, martın 23-də səhər saatlarında Çindən Rotterdama üzən və uzunluğu 400 metr, yükdaşıma qabiliyyəti isə 224 min ton olan (20 min konteyner) “Ever Given” gəmisi Süveyş kanalının 151-ci kilometrində saya oturmuş və kanalın yolunu bağlamışdı. Nəticədə baş verən nəqliyyat böhranı yük gəmilərinin altı gün növbədə dayanmasına səbəb olmuşdu. Yaponiya şirkətinə məxsus olan və Tayvan adasındakı “Evergreen Marine” şirkəti tərəfindən istifadə olunan gəmi martın 29-da axşam saatlarında saydan çıxarılmış və kanalın nəqliyyat əlaqəsi bərpa edilmişdi. Bütün bu müddət ərzində 400-dən çox gəmi keçiddə növbəyə düzülmüş, tıxac isə demək olar ki, Hindistana qədər uzanmışdı.

Misir hökuməti “Ever Given” gəmisinin operatoru olan şirkətdən cərimə ödəməsini tələb edərək, gəmini müsadirə etmişdi. Məhkəmənin qərarı ilə müəyyən edilmiş cərimənin ödənilməsindən sonra gəminin Misiri tərk etməsinə icazə verilib.