Azərbaycanın tranzit imkanları onun yollarını Süveyş kanalına alternativ edə bilər.
Bunu Trend-ə açıqlamasında İranın Yol və Nəqliyyat Təşkilatının beynəlxalq tranzit və nəqliyyat idarəsinin baş direktoru Cavad Hedayəti deyib.
C.Hedayətinin sözlərinə görə, Azərbaycanın yolları və yol infrastrukturları üstün səviyyədədir. Azərbaycan tərəfindən bu istiqamətdə investisiyalar yatırılıb və böyük işlər görülüb. Azərbaycan dövləti çox aydın, şəffaf strategiya ilə bu istiqamətdə addımlar atıb.
Hedayəti əlavə edib ki, ötən ildə Süveyş kanalında bir gəmi ilə əlaqədar baş verən hadisə və bu kanalın uzun müddətə bağlanması beynəlxalq ticarət üçün bir təhdid idi. Bu hadisədən sonra bir çox ölkə bu məhdudiyyət üçün çarənin tapılmasını düşünməyə başladı.
İranlı rəsmi qeyd edib ki, Azərbaycan Xəzər dənizinin qərbində İranı Rusiya, Qafqaz ölkələri və Qara dənizə birləşdirə bilər: “Bundan əlavə, İran və Azərbaycanın yerləşdiyi bu marşrut Avropa ölkələri ilə bir neçə trilyon dollarlıq ticarəti olan Şərqi Asiyanı, Çin, Cənubi Koreya, Hindistanı birləşdirə bilər”.
Onun sözlərinə görə, İran və Azərbaycan yaranan bu qızıl fürsətdən maksimum faydalanmalıdır. Çünki gələn 2-3 il ərzində tranzit yollarından istifadə tətbiq olunmazsa, bir daha bu asanlıqla əldə olunmaması mümkündür. Bununla əlaqədar iki ölkə arasındakı marşrutun aktivləşdirilməsi əhəmiyyətlidir. Belə ki, bu marşrut hər zaman öz aktivliyini qoruyub saxlaya bilsin: “Hazırda bu marşruta sadəcə diqqət yetirilir, bunu tam şəkildə aktivləşdirmək lazımdır. Sənədlərin, icazə blanklarının rəqəmsallaşdırılması, sərhədlərdə yük maşınlarının dayanmasının müddətinin azaldılması, nəzarətlərin koordinasiya edilməsi bu sahədə atılacaq müsbət addımlardır. Çünki bu marşrut çox ideal marşrutdur.