Amerika və Kolumbiya kömürü ilə dolu gəmi Ukrayna limanına yan alıb

342

1,5 milyon ton kömür üçün bağlanmış müqavilə uyğun olaraq yüklə dolu  ilk gəmi Ukrayna limanına yan alıb.

“Seanews.az” xəbər verir ki, bu barədə Rinat Axmetovun holdinqinə daxil olan Ukraynanın “DTEK Energo” özəl şirkətinin saytında məlumat verilir:”Bazar günü “DTEK Energo”-nin ABŞ və Kolumbiya  kömürü üçün bağladığı müqavilə uyğun yeddi gəmidən birincisi Ukraynaya çatıb. İlk tədarükün həcmi 60,5 min ton təşkil edib”.

Qeyd olunur ki, kömür “Sentrenerqo” şirkətinin dövlətə məxsus istilik elektrik stansiyalarının ehtiyacları üçün nəzərdə tutulub.

Ümumilikdə şirkət beynəlxalq təchizatçılarla yeddi gəmi kömür idxal etmək barədə razılığa gəlib. Bunlardan beşi ABŞ-dan, iki tədarük isə Kolumbiyadan olacaq. Hər gəminin yükünün həcminin 40-75 min ton olacağı nəzərdə tutulur. Bütün gəmilərin 2021-ci ilin noyabrı – 2022-ci ilin yanvar ayları ərzində Ukrayna sularına daxil olacağı  gözlənilir. Növbəti partiyalar  noyabrın sonuna, dekabra və yanvara planlaşdırılıb.