Ömrünün 30 ilini dənizçiliyə həsr edən qocaman kapitan evində ziyarət olunub

493

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) veteran dənizçilərin ziyarət olunması artıq ənənəyə çevrilib. Bu dəfə  ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin, eləcə də Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları 66 yaşını qeyd edən kapitan Hacıağa Əliyevin evində olublar.

Qonaqlar ASCO sədri Rauf Vəliyevin timsalında bütün kollektivin salamlarını və təbriklərini qocaman dənizçiyə çatdırıb, eyni zamanda onun qayğıları ilə maraqlanıblar.

Söhbət zamanı dənizçinin keçdiyi həyat yolu və fəaliyyəti xatırlanıb. Qocaman kapitan sevimli peşəsi haqqında xoş xatirələrini bölüşüb. Hacıağa Əliyev ziyarətə görə həmkarlarına təşəkkürünü bildirib, ASCO ailəsinin hər bir üzvünə fəaliyyətlərində uğurlar arzulayıb.

Xatırladaq ki, Hacıağa Əliyev 30 ildən çox gəmiçilik sahəsində müxtəlif vəzifələrdə çalışıb. O, işlədiyi müddətdə hər zaman məsuliyyəti, xeyirxahlığı, nizam-intizamı ilə seçilib və humanistliyini qoruyub saxlayıb.

seanews.az