“Yaşıl” gəmi üçün “yaşıl” istiqrazlar

347

“Maersk”, Yaşıl Maliyyə Çərçivəsində (Green Finance Framework)  500 milyon avro dəyərində ilk “yaşıl” istiqrazlarını uğurla yerləşdirib. Kupon dərəcəsi 0,75% təşkil edir ki, bu da “Maersk” üçün indiyə qədər ən aşağı qiymətdir. Yerləşdirmə müddəti 10 ildir.

“Seanews.az”-ın məlumatına görə, “yaşıl istiqrazlar”ın yerləşdirilməsindən əldə edilən gəlir metanolla işləyən “yaşıl” konteyner gəmilərinin maliyyələşdirilməsinə, xüsusən də fider konteyner gəmisinin və müvafiq olaraq 2023 və 2024-cü illərdə təhvil veriləcək 3,7 milyard avro dəyərində səkkiz böyük magistral konteyner gəmisinin tikintisinə sərf olunacaq.  

“Bu, ətraf mühitə müsbət təsir göstərən layihələrə investisiya qoymaq üçün effektiv vasitədir. Yaşıl istiqrazlarla biz yenilərini cəlb etməklə investor bazamızı şaxələndirməyi hədəfləyirik”,-deyə şirkətin nümayəndəsi Patrik Ceyn bildirib.

“Maersk”də düşünürlər ki, Yaşıl Maliyyə Çərçivə sistemi şirkətə müxtəlif “yaşıl” maliyyələşdirmə alətlərindən, o cümlədən istiqrazlar, kreditlər, layihələrin maliyyələşdirilməsi və digərlərindən istifadə etməyə imkan verəcək.