Dəniz təhlükəsizliyi üzrə xüsusi müşavir IMO-nun Baş katibinə hesabat və tövsiyələr verəcək

304

Beynəlxalq Dəniz Təşkilatının (IMO) Baş katibi Dəniz Təhlükəsizliyi Administrasiyasının rəisi Piter Adamsı “Baş katibin dəniz təhlükəsizliyi üzrə xüsusi müşaviri” vəzifəsinə təyin edib.

“Seanews.az” xəbər verir ki, beynəlxalq dəniz sənayesi bir sıra təhlükələrlə, o cümlədən: kiberhücumlar, gəmilərə və onların heyətlərinə qarşı piratçılıq və silahlı soyğunçuluq, qeyri-qanuni fəaliyyətlər, biletsiz sərnişinlər, narkotik qaçaqmalçılığı və digər qeyri-qanuni dəniz fəaliyyətləri ilə üzləşir.

IMO, xüsusilə Hind okeanının qərb hissəsində, Ədən və Qvineya körfəzlərində bu təhlükələrə qarşı mübarizədə üzv dövlətləri dəstəkləyir, həmçinin antiterror fəaliyyətlərini dəstəkləmək üçün BMT-nin digər qurumları ilə işləyir.

Hesabatda qeyd olunur ki, xüsusi məsləhətçinin təyin edilməsi dəniz təhlükəsizliyi ilə bağlı IMO-da ən yüksək səviyyədə müvafiq məlumat və məsləhətlərin vaxtında alınmasına kömək edəcək və təşkilatın bu istiqamətdə səylərini dəstəkləmək üçün xarici mənbələrin cəlb edilməsini asanlaşdıracaq.  

Birbaşa IMO-nun Baş katibinə hesabat və dəniz təhlükəsizliyi məsələləri ilə bağlı tövsiyələr verəcək Piter Adams Kral Donanmasının keçmiş zabitidir. Hərbi və liman losmanı işləyib. Keçmiş Yuqoslaviyada BMT sanksiyalarının tətbiqi də daxil olmaqla bir çox əməliyyatlara, o cümlədən  Karib dənizində narkotiklərə qarşı, Afrika buynuzu sahillərində antipirat və Honkonqda dəniz cinayətlərinin qarşısının alınması əməliyyatlarına komandanlıq etməkdə böyük təcrübəyə malikdir.