Hökumətlərarası çərçivə sazişi əsasında Ukrayna üçün 20 gəmi tikiləcək

319

Nikolayevdə Ukrayna üçün beş sərhəd gəmisinin tikintisinə dair müqavilə imzalanıb.

“Seanews.az” xəbər verir ki, bu barədə çərşənbə axşamı Ukrayna Daxili İşlər Nazirliyi öz rəsmi saytında məlumat yayıb. Məlumatda deyilir: “Noyabrın 30-da Fransanın “Océa” gəmiqayırma şirkəti ilə Ukraynanın “Nibulon” şirkəti arasında Ukrayna Dövlət Sərhəd Xidmətinin ehtiyacları üçün beş gəminin tikintisinə dair müqavilə imzalanıb. İstehsal işləri Nikolayevdə həyata keçiriləcək”.

Qeyd olunur ki, ümumilikdə Ukrayna Dövlət Sərhəd Xidməti 20 belə gəmi alacaq, onlardan 15-i Fransada tikiləcək. Birinci gəminin təhvil-təslimi Odessada baş tutacaq. Onun dekabrın 9-da suya buraxılması planlaşdırılır. 2022-ci ilin yanvarında gəminin heyəti fransalı mütəxəssislərlə xüsusi hazırlıq keçəcək.

Gəmi layihəsi iki ölkə arasında 2019-cu ildə imzalanmış hökumətlərarası çərçivə sazişi əsasında həyata keçirilir. Ümumilikdə o, Fransa hökuməti və aparıcı Avropa bankları tərəfindən istehsalın bir hissəsinin Ukraynada lokallaşdırılması ilə fransız gəmilərinin tikintisi üçün 136,5 milyon avro məbləğində kredit verilməsini nəzərdə tutur. Müqavilənin imzalanması Ukraynada Fransa gəmilərinin tikintisinin rəsmi başlanğıcıdır və bu, iki il ərzində başa çatdırılmalıdır.

“Gözlənilir ki, beş gəminin hamısı 2023-cü ilin sonuna qədər Nikolayev zavodundan suya buraxılacaq”, – Daxili İşlər Nazirliyindən bildirilib. Həmçinin qeyd olunur ki, Fransa gəmiləri Ukrayna istehsalı olan hava qayıqları ilə təchiz ediləcək.