Bu gün Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri şirkətin Zığ-2 meydançasında ASCO-nun “General Əliağa Şıxlınski” kran gəmisində xüsusi rama üzərinə quraşdırılmış 200 metrlik Mobil Dərinlik Dalğıc Kompleksinə baxış keçiriblər.
“Report” bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, SOCAR rəhbərliyinin təmsilçiləri burada həmçinin “Neft Daşları” yatağında 10 ədəd istismar quyusunun qazılması üçün tikilən estakadayanı meydançanın göyərtəsi ilə, eləcə də metal konstruksiyaların təmizlənməsi və boyanın vurulması sexində görülmüş işlərlə də tanış olublar. Bütün növ sualtı-texniki və dalğıc işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş Mobil Dərinlik Dalğıc Kompleksi “American Bureau of Shipping” (ABS) təsnifat cəmiyyətinin nəzarəti altında tikilib və əsasən “Günəşli” yatağında istismar ediləcək. “Unique Hydra” şirkətinin inşa etdiyi 200 metrlik Mobil Dərinlik Dalğıc Kompleksi 14 nəfər dalğıc akvanavt üçün hesablanıb. Kompleks vasitəsilə saturasiya üsulu ilə fasiləsiz şəkildə dalğıc enmələrini həyata keçirmək mümkün olacaq.
SOCAR rəhbərliyinə məlumat verilib ki, hazırda Kompleksin dəniz sınaqlarının aparılmasına hazırlıq prosesi yekunlaşmaq üzrədir. Kompleks yanğınsöndürmə sistemi, odsöndürən balonlar, tüstüyə qarşı tənəffüs aparatları və s. ilə təchiz olunub. Saturasiya idarəetmə, dalğıc idarəetmə konteynerlərində karbon qazlı odsöndürmə sistemləri quraşdırılıb. Dəniz sınaqları tamamlandıqdan sonra kompleks istismara veriləcək.
Hazırda SOCAR-ın Dalğıc xidmətində 157 ixtisaslaşmış dalğıc fəaliyyət göstərir ki, onlardan 25 nəfəri saturasiya üsulu ilə dərinlik dalğıc işlərini yerinə yetirən dalğıc-akvanavtlardır. 2011-ci ildən etibarən SOCAR-ın təlim mərkəzində dalğıc hazırlığı kursu təşkil olunur. 2011-2021-ci illər ərzində bu kurslara ümumilikdə 88 dalğıc cəlb olunub və kursları müvəffəqiyyətlə bitirib.