BTC ilə 500 milyon ton neft ixrac edilib

416

BP-nin əməliyyatçısı olduğu Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəməri Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ümumilikdə 500 milyon ton neft nəql edib.

“Report”un “BP-Azerbaijan” şirkətinə istinadən verdiyi məlumata görə, BTC vasitəsilə nəql edilmiş Xəzər neftinin 500 milyonuncu tonu 12 dekabr tarixində SOCAR-ın nefti yüklənmiş “Nordorse” adlı və sayca 4 922-ci olan tankerə yüklənərək Triestə (İtaliya) yola salınıb.

500 milyon ton neft ixracı 2006-cı ildə istismara verilmiş BTC boru kəmərinin 15-ci ildönümünə təsadüf edən mühüm bir hadisədir. Bu 15 il ərzində BTC boru kəməri Xəzər neftini təhlükəsiz, etibarlı, sakit və ekoloji cəhətdən minimum risklə dünya bazarlarına nəql edib.

İstismara veriləndən bəri BTC boru kəməri müstəsna səmərəlilik nümayiş etdirib və texniki təhlükəsizlik və istismar baxımından yüksək göstəricilərə nail olub. Onun səmərəliliyi və istismar etibarlılığı ilk dövrlərdəki 75 %-dən artaraq hazırkı 99,9 % səviyyəsinə çatıb.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “500 milyon ton neft ixracı BTC boru kəmərinin 15-illik sabit və səmərəli fəaliyyətinin nəticəsidir. Uzun müddət keçməsinə baxmayaraq BTC qapalı Xəzər hövzəsi ilə dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında birbaşa strateji əlaqə yaratmaqla regionun əsas enerji ixrac arteriyası olmaqda davam edir.

BTC-nin inşası özlüyündə nəhəng mühəndislik nailiyyətidir və öz sabit, təhlükəsiz, etibarlı və məsuliyyətli əməliyyatları ilə bu boru kəməri istismar səmərəliliyinin və dünya səviyyəli fəaliyyətin də gözəl nümunəsidir. Biz hamımız BTC-nin uğur hekayəsi ilə, o cümlədən üç ölkə boyunca insanların və icmaların həyatına gətirdiyi böyük müsbət dəyişikliklərlə qürur duymalıyıq. BTC həqiqətən də hər mənada möhtəşəm bir ixrac sistemidir və onun əldə etdiyi nailiyyətlər bizdə qürur hissi oyadır. Bu dünya səviyyəli kəmərin üç ölkə boyunca gecə-gündüz təhlükəsiz və sakit fəaliyyət göstərməsi üçün çalışan bütün insanlara çox təşəkkür edirəm. Mən həmçinin göstərdikləri dəstəyə və uğurlu əməkdaşlığa görə BTC-nin səhmdarlarına da öz minnətdarlığımı bildirirəm”.

BTC Ko.-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), EksonMobil (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.