Uzunluğu 120 metr olan quru yük gəmisi elektrik mühərrikləri ilə də təchiz ediləcək

499

Dünyanın yükünü özüboşaldan ən böyük balkerini həm adi yanacaq, həm də elektrik enerjisi ilə işləməyə qadir olan hibrid hərəkət sistemi ilə təchiz etmək qərara alınıb.

“Seanews.az” xəbər verir ki, Niderlandın Hurezand şəhərindəki “Royal Bodwewes” gəmiqayırma zavodunda inşa edilən“Aasfjell” balkeri 2021-ci ilin oktyabrında suya salınmış, dekabrın ortalarında isə dəniz sınağını uğurla başa vurmuşdur.

Uzunluğu 120 metr və dedveyti 9300 ton olan bu gəmi adi dizellərdən əlavə, 339 kVt/saatlıq akkumulyatorla işləyən bir cüt elektrik mühərriki ilə də təchiz ediləcək.

Ehtimal olunur ki, açıq dənizdə elektrikdən yardımçı məqsədlər üçün istifadə olunacaq, lakin limanlara yaxınlaşma zamanı və liman akvatoriyasında gəmi yalnız elektrik mühərrikləri ilə manevr edə biləcək.

Mütəxəssislərin ilkin hesablamalarına görə, hibrid sistemindən istifadə ildə 400 tona qədər dizel yanacağına qənaət etməyə imkan verəcək.

Gəminin faktiki hərəkətini dəstəkləməklə yanaşı, elektrik akkumulyatoru özüboşaldan konveyer xətti də daxil olmaqla bütün köməkçi mexanizmləri enerji ilə təmin edəcək. Belə bir texniki həll sayəsində yükləmə-boşaltma əməliyyatlarının daha sürətli, səs-küysüz və ekoloji risklərin əhəmiyyətli dərəcədə aşağı səviyyədə olması ilə həyata keçiriləcəyi gözlənilir.

“Aasfjell”, Avropa bazarı üçün xüsusi olaraq hazırlanmış iki eynitipli balkerdən birincisidir. Bu mini seriyanın ikinci gəmisi olan “Aasfoss”-un isə 2022-ci ildə sifarişçiyə təhvil verilməsi nəzərdə tutulur.