Çindən Azərbaycana, Gürcüstana və Türkiyəyə müntəzəm konteyner yükdaşımaları həyata keçiriləcək

505

Çindən Azərbaycana, Gürcüstana və Türkiyəyə 2022-ci il ərzində müntəzəm olaraq konteynerlərlə yükdaşımalar həyata keçiriləcək.

Bu barədə “Report”a “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi – “ADY Konteyner” MMC-dən bildirilib.

“ADY Konteyner” Çinin “Xian Free Trade Port Construction and Operation Co.”şirkəti ilə birgə müqavilə imzalayıb. Müqavilə çərçivəsində Siandan Bakıya növbəti konteyner blok qatarının çatdırılıb.

Müqavilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteynerlərlə yükdaşımaların həyata keçirilməsi üzrə imzalanıb. Azərbaycanın İqtisadiyyat Nazirliyinin Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə “ADY Konteyner” şirkəti bu ölkədə yeni əməkdaşlığa başlayıb.

Qatar Çindən dekabr ayının 6-da yola salınıb. Hava şəraiti ilə əlaqədar konteynerlərin Xəzər dənizi ilə Aktau limanından Bakıya çatdırılmasında bir neçə günlük ləngimə yaranıb. Azərbaycana müxtəlif təyinatlı yüklər gətirən, hər biri 40 futluq olmaqla 50 konteynerdən ibarət qatar Bakıya dekabrın 29-da çatıb.

Konteynerlər Bakıya Xəzər Dəniz Gəmiçiliyinin “Qaradağ” fider gəmisi vasitəsilə gətirilib.

Qeyd edək ki, Çin şirkətləri ilə əməkdaşlıq 2019-cu ilin aprelində “Bir kəmər və bir yol” təşəbbüsü çərçivəsində Pekində, “Azərbaycan Dəmir Yolları” QSC ilə əldə edilən nəqliyyat-tranzit sahəsində Strateji Əməkdaşlıq Anlaşmasından sonra daha geniş vüsət alıb.