“GLDD” şirkəti Hyuston dəniz gəmiçiliyi kanalında 92,5 milyon dollarlıq dibdərinləşdirmə işləri görəcək

253

ABŞ-ın “Great Lakes Dredge & Dock Corporation” (“GLDD”) şirkəti, “Hyuston dəniz gəmiçiliyi kanalının dərinləşdirilməsi və  genişləndirilməsi layihəsi” (11№ -li Layihə ) çərçivəsində dibdərinləşdirmə işləri üçün müqavilə imzalayıb. Müqavilənin dəyəri 92,5 milyon dollardır.

“Seanews.az” xəbər verir ki, layihə ümumi dəyəri 1 milyard dollar olan Hyuston gəmiçilik kanalının genişləndirilməsi və dərinləşdirilməsi üzrə genişmiqyaslı və çoxmərhələli proqramın birinci mərhələsidir.

Şirkət cari ilin birinci rübündə işə başlayacaq və ilin sonunadək başa çatdıracaq.

11№ -li Layihə  dayaz Qalveston körfəzi vasitəsilə ABŞ-ın Meksika körfəzindən keçən və Hyuston limanınadək uzanan 52 millik Hyuston gəmi kanalını (83,68 km) genişləndirməyi nəzərdə tutur.

“Great Lakes Dredge & Dock” tərəfindən yerinə yetiriləcək işlərin həcminə kanalın 11,5 mil hissəsinin dərinləşdirilməsi, Qalveston körfəzinin əsas hissəsinin 161,5 metrdən 213,3 metrə qədər genişləndirilməsi daxildir.

Hyuston Texasın əsas giriş qapısı və ölkənin iri gəmiləri qəbul edə bilən ən böyük limanıdır. Bu dərinləşdirmə layihəsinin həyata keçirilməsi Hyuston limanına gələn iri konteyner gəmiləri, neft tankerləri və kimyəvi daşıyıcıların kanal boyu naviqasiya təhlükəsizliyini artıracaq.

ABŞ-ın 130 yaşlı “Great Lakes Dredge & Dock Corporation” şirkətinin 200-dən çox ixtisaslaşdırılmış gəminin də daxil olduğu böyük donanması və beynəlxalq dibdərinləşdirmə layihələrində zəngin təcrübəsi var.