Konteynerlərin çatdırılma müddəti təxminən iki dəfə artıb

315

Pandemiya zamanı konteynerlərin çatdırılma müddəti təxminən iki dəfə artıb.

“Seanews.az” verir ki, Asiyadan Şimali Amerikaya gedən marşrutlar üçün orta hesabla 2019-cu ildə, yəni pandemiyadan əvvəl bu rəqəm 45 ilə 50 gün arasında dəyişib. 2 yanvar 2022-ci il tarixinə 110 günlük yeni rekord müəyyənləşdirilib.

Eynilə, pandemiyadan əvvəl Asiyadan Avropaya marşrutlar üçün konteynerlərin çatdırılma müddəti 55 ilə 60 gün arasında dəyişərək yanvarın 2-də 108 günə çatıb. Son məlumatlar tıxacla bağlı problemlərin həll olunmaqdan uzaq olduğunu, daha da pisləşdiyini  göstərir.

Belə ki, Cənubi Kaliforniya Dəniz Fond Birjasının yanvarın 8-nə olan məlumatına görə, Los-Anceles və Lonq-Biç limanlarında, 40 mil zonası daxilində, eləcə də limanlardan kənarda lövbər salan konteyner gəmilərinin sayı 134-ə çatıb. Hesabatda həmçinin qeyd olunur ki, gələn konteyner gəmilərinin ölçüləri nəzərəçarpacaq dərəcədə azalıb.

Beləliklə, 2021-ci ilin yazında liman kompleksinə gələn konteyner gəmilərinin 50-60%-nin tutumu 10 min TEU-dan çox idi. Payızda bu göstərici 20-30%-ə düşmüşdü, son vaxtlar isə 5-10%-ə düşüb.