Dünyanın ilk yelkənli konteyner gəmisinin layihəsi təsdiqlənib – FOTOLAR

261

Fransanın “Bureau Veritas” (BV) təsnifat cəmiyyəti 1800 TEU konteynerdaşıyan yelkənli gəminin layihəsini təsdiqləyib. Gəmi səkkiz maçtada quraşdırılmış müasir yelkənlər vasitəsilə üzəcək.

“Seanews.az” xəbər verir ki, təxminən 185 metr (607 fut) uzunluğunda olan yeni gəminin beş yük anbarı olacaq. Bundan başqa, göyərtəsinə əlavə 40 futluq konteynerləri qəbul edə biləcək.

Gəminin hərəkəti səkkiz avtomatlaşdırılmış yelkənli kompleks tərəfindən təmin ediləcək, onların işi xüsusi kompüter sistemi ilə əlaqələndiriləcək.

Mütəxəssislər, yelkənlər altında yeni konteyner gəmisinin 10-12 düyünlük sürət yığa biləcəyinə şübhə etmirlər.

Yelkənlər gəmi yanacaq sərfiyyatını da əhəmiyyətli dərəcədə azaldacaq.

 “Zéphyr & Borée” şirkəti bundan əvvəl də müxtəlif tipli müasir yelkənli gəmilər üçün bir neçə layihə hazırlayıb. Bunlardan ən diqqət çəkəni ümumavropa kosmik proqramını dəstəkləmək üçün nəzərdə tutulmuş dörd dirəkli ixtisaslaşmış nəqliyyat vasitəsi olan “Canopée” idi.

Bu gəmi xüsusi olaraq raketlərin və “Ariane 6” buraxılış kompleksinin ayrı-ayrı bloklarının Avropa limanlarından Fransanın Qvianasındakı kosmodromuna daşınması üçün nəzərdə tutulub və 2022-ci ildə sifarişçiyə təhvil verilməlidir.

Uzunluğu 121 metr (397 fut) olan “Canopée”, ona 16 düyünə qədər sürət yığmağa imkan verən və 25% yanacağa qənaət edən dörd qanadlı yelkənlə təchiz olunacaq.