“Xızı-Abşeron” külək elektrik stansiyasının Azərbaycan üçün hansı əhəmiyyəti var?

413

“Qətiyyətlə demək olar ki, 1994-cü ildə imzalanmış neft kontraktlarında ulu öndərin Heydər Əliyevin enerji siyasətini bu gün Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl enerji” strategiyasına transformasiyası gələcəkdə ölkəyə böyük dividendlər gətirəcək”.

Bunu “Report”a açıqlamasında adıçəkilən qanun layihəsini şərh edən “Azalternativenerji” MMC-nin baş energetiki Tahir Cəfərov qeyd edib.

“Belə ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionu üçün yeni strategiya Cəbrayılda 240 MVT günəş və Kəlbəcərdə 100 MVT külək elektrik stansiyalarının, 80 MVT-a yaxın kiçik su elektrik stansiyalarının bərpası və 140 MVT-lıq “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarında işlərin başa çatdırılması regionun enerji təchizatında yaşıl enerji mənbələri hesabına artıqlaması ilə təmin etməyə imkan verəcək.

Abşeron regionunda isə 240 MVT-lıq günəş və 240 MVT-lıq külək enerjisi stansiyalarının quruaşdırılması ekoloji təmiz enerji hesabına elektrik enerjisinin ixrac potensialının artırmaqla yanaşı, elektrik stansiyalarında istifadə olunan 5,6 milyard kubmetr qazın bir hissəsinin qənaət edilərək ixraca yönəldilməsinə imkan verəcək. Beləliklə ölkənin artan enerji tələbatı nəyinki “Yaşıl enerji” hesabına ödəniləcək, həm də yaradılan bu izafi elektrik güclərinin Zəngəzur dəhlizi vasitəsi ilə Naxçıvan üzərindən qardaş Türkiyəyə də ötürmək mümkün olacaq. Elektrik stansiyalarında karbohidrogen yanacağından az istifadə edilməsi hesabına milyon tonlarla karbon dioksidinin qarşısı alınacaq və ölkədə ekoloji sağlamlaşma prosesinə təkan veriləcək. Bu həm də beynəlxalq konvesiyalara uyğun atqılar kvotasının icrası sürətləndirilmiş olacaq”.

Energetika Nazirliyinin mətbuat sektorunun müdiri – mətbuat katibi Cahid Mikayılov isə qeyd edib ki, 2 gün öncə təməli qoyulan layihə bir çox xüsusiyətlərinə görə əhəmiyyətli olacaq:

“Bildiyiniz kimi yanvarın 13-də Xızı rayonu ərazisində külək elektrik stansiyasının təməli qoyuldu. Səudiyyə Ərəbistanının”ACWA Power” şirkəti tərəfindən tikiləcək “Xızı-Abşeron” külək elektrik stansiyası ölkəmizdə xarici sərmayə cəlb edilməklə həyata keçiriləcək ilk sənaye həcmli bərpa olunan enerji layihəsidir. Eyni zamanda stansiya Azərbaycanda ən böyük külək enerji stansiyası olacaq. Müqayisə üçün qeyd edim ki, hazırda ölkəmizdə ən böyük elektrik stansiyası Xızı rayonunun ərazisində yerləşən 50 MVT gücündə “Yeni Yaşma” külək elektrik stansiyasında 20 külək turbini var və onların hər birinin gücü 2,5 MVT-dır. Bu layihədə isə təxminən 37 ədəd külək turbini olacaq və hər birinin gücü 6,5 MVT olacağı planlaşdırılır.

Layihənin investisiya dəyəri 300 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Təbii ki, belə böyük həcmdə özəl investisiyanın ölkəmizə cəlb olunması Azərbaycanda aparılan islahatların məntiqi nəticəsidir. Ölkəmizdə iqtisadi sabitlik və əlverişli investisiya mühiti hazırda sərmayədarlarda inam yaradır. Nəticə etibarilə Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən bərpaolunan enerji sahəsinə özəl investisiyalar yatırılır.

Elektrik stansiyasinda ildə 1 milyard kilovat/saata elektrik enerjisi istehsalı proqnozlaşdırılır ki, buda təxminən 300 min evin elektrik enerjisi ilə təmini deməkdir.
Layihənin müxtəlif istiqamətlərdə üstünlükləri var ki, onlardan birini biz enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə kimi qeyd edə bilərik. Bilirsiniz ki, enerji mənbələrinin şaxələndirilməsi enerji təhlükəsizliyinə töhvə verən əsas amillərdən biridir. Ölkəmizdə hazırda təbii qaz əsaslı ənənəvi elektrik stansiyaları, su elektrik stansiyaları və günəş elektrik stansiyaları fəaliyyət göstərir. Məhz 240 MVT-lıq külək elektrik stansiyasının inşasına başlanması bu diversifikasiyaya bir töhfədir”.

C. Mikayılovun fikrincə, bu layihənin işə düşməsi ilə ildə atmosferə 400 min tondan artıq karbon qazı emissiyasının qarşısı alınacaq: “Bu da təbii ki, ekologiyaya verilən müsbət töhfədən xəbər verir. Həmçinin bu vasitəylə ildə 200 milyon kubmetr qaza qənaət ediləcək. Layihənin ekoloji faydalarından danışdıqda onu qeyd etmək lazımdır ki, bu layihə həmçinin qlobal iqlim hədəflərinə yaxınlaşmağa kömək edəcək. Bildiyiniz kimi, 2050-ci ilə qədər ölkəmizdə karbon qaz emissiyasının həcminin 40 %-ə qədər azaldılması hədəf kimi götürülüb. Məhz bu layihəni həm də həmin hədəfə çatmaq üçün atılmış addım kimi də qiymətləndirmək olar. Eyni zamanda Azərbaycan Prezidenti tərəfindən 2030-cu ilə qədər ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücünü 30 %-ə çatdırılması hədəf kimi qoyulub. Bu hədəfə nail olmaq üçün 1 500 MVT gücündə yeni qoyuluş güclərinin istismara verilməsi tələb olunur. “Xızı-Abşeron” stansiyasının təməlinin qoyulması ilə bunun ilk 240 MVT-ı müəyyən olundu və 2023-cü ildə istismara verilməklə bu hədəfin ilk hissəsi tamamlanmış olacaq.

Bu layihənin sosial üstünlükləri də var. Layihəni işə düşməsi ilə yeni iş yerlərinin açılması, həm yeni istehsal və xidmət sahələrinin yaradılmasına öz töhfəsini vermiş olacaq. Bu həm də xarici investorlarla işin təşkili təcrübəsi deməkdir. Bundan əlavə reallaşan bu layihə yerli ixtisaslı kadr potensialının formalaşmasına da kömək olacaq”.