Xəzərin Azərbaycan sektorunda nəhəng nərə balıqlarına rast gəlinməməsinin səbəbi açıqlanıb

559

İranın şimalında yerləşən Mazandaran vilayətində, Xəzər dənizində uzunluğu 3 metr, çəkisi isə 210 kq olan nərə balığı (beluqa) tapılıb. Nərə balıqlarının dünya üzrə olan ehtiyatlarının 80 faizinin Xəzərdə cəmləşməsinə baxmayaraq, bu balığın ölçüləri nadir hadisə kimi qiymətləndirilib.

APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun aparıcı elmi işçisi Süleyman Süleymanov Xəzər dənizində bu ölçüdə balıqlara davamlı olaraq rast gəlinməməsinin səbəbini açıqlayıb.

Onun sözlərinə görə, müasir dövrdə bu balıq növlərinin sayı Xəzərin orta və cənub hissələrinə nisbətən, şimal hissəsində qismət də olsa üstünlük təşkil edir. Bunun səbəbi onların buradan Ural çayına miqrasiya etmək imkanlarının olması ilə bağlıdır.

Ural çayında təbii şəraitin saxlanıldığını deyən S.Süleymanov bildirib ki, nərə balıqları bu yerlərə miqrasiya edərək kürülərini tökür, çoxala bilirlər: “Azərbaycanda isə təbii çoxalma yerlərinin sayı demək olar ki, yox dərəcəsindədir. Son dövrlərdə Azərbaycan ərazisində böyük ölçüyə malik nərə balıqlarına rast gəlinmir”.