Avropa ilə Azərbaycanın ikinci qaz sövdələşməsinə hazırlıq

298

Avropa İttifaqı (Aİ) Avropaya qaz təchizatının artırılmasını müzakirə etmək üçün bu həftə Azərbaycanla danışıqlar aparmağı planlaşdırır, Aİ-dən BBC Azərbaycancaya bildiriblər.

Müzakirələr Avropada təbii qaza tələbatın artdığı bir vaxtda və Rusiyanın Ukrayna gərginliyinə görə Avropaya qaz təchizatını azaltmaq təhlükəsi fonunda aparılacaq və Azərbaycan yanacağını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə ixracın artırılması imkanlarına baxılacaq.

Avropa İttifaqının sözçüsü Tim Mcphie BBC News Azərbaycancaya bildirib ki, cümə günü Bakıda Cənub Qaz Dəhlizinin yeni enerji bazarlarına, xüsusilə kömürdən istifadəni sürətli şəkildə dayandıra biləcək ölkələrə doğru genişləndirilməsi müzakirə ediləcək.

“Biz gözləyirik ki, bu müzakirələr Azərbaycanın Avropaya qaz tədarükünün diversifikasiyasındakı roluna diqqət yetirəcək. Buraya Trans-Adriatik Boru Kəməri vasitəsilə Aİ-yə qaz tədarükünün artırılması potensialı daxildir. TAP Aİ üçün sabit və etibarlı təchizatçı olub,”- Avropa İttifaqının sözçüsü bildirib.

Aİ Azərbaycan yanacağını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə ixracın artırılması imkanlarını müzakirə etməlidir.

Aİ-nin energetika üzrə komissar Kadri Simson
Şəklin alt yazısı,Aİ-nin energetika üzrə komissar Kadri Simson bu həftə Bakıya gələcək

Bu həftə Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasında iştirak üçün Bakıya gələcək Aİ-nin energetika üzrə komissar Kadri Simson Azərbaycanın energetika naziri Pərviz Şahbazov və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşəcək.

Rusiya Aİ-nin qazının təxminən 40 faizini təmin edir və Aİ rəsmiləri narahatdır ki, Moskva Qərbin gözlənilən sanksiyalarına cavab olaraq təchizatı azalda bilər.

Xəzər dənizindən çıxarılan qazı Qərbə ötürən TAP-ın gücü hazırda ildə təxminən 10 milyard kubmetrlik qaz nəqlinə yetir.

“Azərbaycan ixracı artırmağa hazırdır, amma…”

Azərbaycan Energetika Nazirliyi bu həftənin sonunda keçiriləcək müzakirələrdən öncə açıqlama verməkdən imtina edib, ancaq məlumdur ki, Azərbaycan Avropaya ixracı artırmağa hazır olduğunu dəfələrlə bəyan edib.

TANAP qaz boru kəməri
Şəklin alt yazısı,Avropaya Azərbaycan qazını daşıyan Trans Anadolu Boru Kəməri TANAP və Trans Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir

Ötən ilin oktyabrında EFE agentliyinə müsahibəsində təbii qaz ehtiyatlarının 2,6 trilyon kubmetr olduğunu deyən İlham Əliyev hasilatın arta biləcəyini bildirib. Lakin o, belə artımın bu qış üçün texniki və kommersiya baxımından mümkün olmadığını da vurğulayıb.

“Cəmi bir və ya iki ay qalır. Lakin, əgər indi başlasaq, fikrimcə, biz növbəti qış üçün hazır olacağıq,” – İlham Əliyev deyib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəsmisi İbrahim Əhmədov BBC Azərbaycancaya deyib ki, təbii qazın ixracı ilə bağlı qərar veriləndə, adətən, uzun müddətli müqavilələr imzalanır.

İbrahim Əhmədov bildirib ki, Azərbaycan 2013-cü ildə imzaladığı “sazişlərə sadiqdir və Avropaya ötən il ərzində götürülən öhdəliklərdən də çox” qaz ixrac edilib.

“Onu bu günki qiymət şərtlərində satdıq, yəni bu, qısa müddətli satışdır. Bununla həm Avropaya köməyimiz oldu, həm də bizim üçün əlverişli oldu ki, qaza tələbət yüksək olduğu məqamda Avropa bazarına çıxış əldə etdik,” – İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin tam yüklənməsi bu il artıq nəzərdə tutulub, indi o, tam gücü ilə işləyir.

“Onun ötürücü gücü 16 milyard kub metrdir ki, onun 10 milyardı Avropaya, 6 milyardı Türkiyəyə gedir. Avropaya gedən qaz TAP ilə nəql olunur, plana görə bu boru kəməri tam yüklənməlidir”.

SOCAR-ın nümayəndəsi BBC-yə deyib ki, ixrac üçün qaz həcminin artırılmasının daxili bazara birbaşa təsiri yoxdur.

O bildirib ki, dövlət üçün əsas prioritetlərdən biri də ölkənin enerji təhlükəzisliyinin təmin olunmasıdır və “bunun üçün biz lazimi qədər qaz hasil edirik və əldə edirik”.

Nə qədər qaz?

The Financial Times qəzeti Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birola istinadən yazır ki, Moskva bu ay Avropaya qaz tədarükünü artıq məhdudlaşdırıb. BEA hesab edir ki, Rusiya Avropaya göndərə biləcəyi qazın ən azı üçdə birini saxlayır.

Cənub Qaz Dəhlizi

Təhlilçi İlham Şabana görə, Azərbaycandan Avropaya qaz nəqli üzrə TAP kəmərinin buraxıcılıq imkanı 10 milyard kub metrdən 20 milyard kub metrə kimi artırıla bilər.

Lakin bunu üçün Avropada bu həcmi qəbul edəcək infrastruktur, bu işləri görmək üçün əlavə investisiyalar tələb olunur, o əlavə edib.

Təhlilçinin fikrincə, hasilatdan fərqli olaraq, infrastruktur layihəsi sayılan boru kəmərinə yatırımlar özünü daha uzun müddət ərzində doğrultduğundan belə investisiyalar üçün Avropa və ya beynəlxalq maliyyə qurumlarının daha əlverişli kreditləri lazım ola bilər.

“Avropa belə layihələrdə zəmanətçi kimi çıxış etsə, bu, həll olunacaq məsələ kimi görünür,” – İlham Şaban deyib.

O hesab edir ki, ehtimal olunan qaz həcmlərinin nəqli üçün iki il vaxt lazımdır. Bundan başqa, azı 5 il də hasilat işlərinə, platforma tikintisinə gedə bilər.

“Hazırda TANAP kəmərində 2 nasos-kompressor stansiyası var, kəməri tam layihə gücünə çatdırmaq üçün isə daha iki belə stansiya tikilməlidir. Bunların qiyməti isə təqribən hazırkı bazar qiyməti ilə ümumi 2 milyard ABŞ dolları vəsait lazımdır. Bu, nəql etmək üçün olan məbləğdir”- cənab Şaban deyib.

Şərhçi hesab edir ki, nəql xərclərindən başqa hasilat üçün də milyardlarla dollar tələb oluna bilər.

“Əgər kimsə Azərbaycandan əlavə qaz əldə etmək istəsə, qazın hasilatına, nəqlinə yatırım etməlidir. Bu yatırımları əldə etmək üçün birinci idxal edən şirkətlərlə, ölkələrlə müqavilələr imzalanmalıdır,” – SOCAR sözçüsü İbrahim Əhmədov deyib.

Ukraynaya görə Qərblə Rusiya arasındakı gərginlik

Avropada qaz çatışmazlığı Ukrayna ilə Rusiya arasında gərginliyin artdığı zamanda baş verir. Bir müddətdir ki, Rusiya Ukrayna sərhədində çoxlu sayda qoşun toplayır – Qərb ölkələri bunu mümkün işğala hazırlıq kimi görür. Rusiya isə belə niyyət güddüyü barədə məlumatları inkar edir.

Ukraynada gərginlik

Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell ötən gün dərc etdiyi məqaləsində Avropanın enerji təhlukəsizliyi məsələsinə də toxunub.

Cənab Borrell deyib ki, diplomatiyanın “uğursuzluğa düçar olacağına hazırıq və bütün variantları nəzərdən keçiririk”.

“Bu variantlar Rusiya tədarükləri azaltmaq və ya dayandırmaq qərarına gəldiyi halda, qaz təchizatı məsələsində ABŞ, Qətər və Azərbaycan kimi tərəfdaşlarla işləmək də daxil olmaqla, müqavimətimizi artırmaqdan ibarətdir”, – Josep Borrell bildirib.

İlham Şabana əsasən, Azərbaycandan Avropaya əlavə qaz ötürmək üçün ən azı 25 ay vaxt tələb oluna bilər. “Unutmayaq ki, qaz kəməriylə ixracı artırmaq üçün, o cümlədən yeni nasos stansiyalarının qurulması və ya modernləşdirilməsi tələb olunur. Bu isə vaxt və çoxmilyardlıq xərclər tələb edir”.

Artıq bir neçə aydır ki, Rusiya qazının Avropaya axını həmişəkindən daha aşağıdır. Statistik məlumatları bir araya gətirən Statista saytına görə, 2020-ci ildə Aİ-də qaz istehlakının ümumi həcmi 380 milyard kubmetr olub. Rusiya bu bazarın ən böyük təbii qaz təchizatçısıdır və Aİ üçün belə bir həcmi qısa müddətdə başqa mənbələrdən əvəz etmək mümkün deyil.

Avropaya Azərbaycan qazını daşıyan Trans Anadolu Boru Kəməri TANAP və Trans Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir.

Bu layihə təbii qazın Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya çatdırılmasını nəzərdə tutur.

bbc