Rusiyaya qarşı yeni sanksiya dalğası Azərbaycanın şimal istiqamətində ixracını kəskin artıracaq

236

“Partnyorlarımız deyirlər ki, sabah Rusiya tərəfdən eskalasiya olarsa, müharibə başlaya bilər, sonra isə güclü sanksiyalar tətbiq olunacaq. Sanksiyalar siyasətindən və eskalasiya ehtimalından danışırıqsa, o zaman sual yaranır ki, siz niyə sanksiyaları indi tətbiq etmirsiniz, niyə eskalasiyanı gözləyirsiniz?”. Bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski “The Washington Post” nəşrinə müsahibəsində səsləndirib.

Xatırladaq ki, Kiyev uzun müddətdir Qərbdən Rusiyaya qarşı qabaqlayıcı iqtisadi və siyasi sanksiyaların tətbiqini istəyir. Lakin Kiyev bu çağırışlara heç bir müsbət cavab almayıb. Bununla belə, indi Rusiyaya qarşı sanksiyalarla bağlı ən qətiyyətli mövqe ABŞ tərəfindən sərgilənir. ABŞ Prezidenti Co Bayden, Rusiya Ukraynanı işğal edəcəyi təqdirdə, Rusiya prezidentinə qarşı fərdi sanksiyaların belə tətbiq oluna biləcəyini istisna etməyib. O qeyd edir ki, bu dəfə sanksiyalar Qərbin Krımın ilhaqından və Donbasda münaqişənin başlamasından sonra tətbiq etdiyi sanksiyalardan xeyli fərqlənəcək: “Mən Vladimir Putinə izah etdim ki, Ukraynanı işğal etsə, ciddi nəticələrlə, o cümlədən sərt iqtisadi sanksiyalarla üzləşməli olacaq. O bu addımı atacağı təqdirdə tətbiq edəcəyim, söz verdiyim sanksiyalarla heç vaxt üzləşməyib. Onlar müdaxilə edəcəklərsə, bunun əvəzini ödəyəcəklər. Onların bankları dollarla işləyə bilməyəcək. Bu, Rusiya üçün fəlakət olacaq”. 2014-cü ildə sanksiyaların tətbiqindən sonra Rusiya iqtisadiyyatının bu sanksiyalardan ciddi şəkildə təsirlənmədiyini iddia edirdi. Lakin statistika bunun əksini göstərib: Rusiya iqtisadiyyatı ciddi şəkildə tormozlanır və Qərb kapitalı, avadanlığı və texnologiyasından çox asılıdır. Bu fonda Qərbdə hesab edirlər ki, yeni sanksiyaların təsiri əvvəlkilərindən fərqli olacaq. Rusiya üçün ən son texnologiyalara çıxışa malik olmanın nə qədər vacib olduğunu “Şimal axını-2” layihəsi çərçivəsində tikinti işləri zamanı podratçı şirkətlərə qarşı sanksiyaların tətbiqi göstərdi, çünki layihə üçün mürəkkəb texnoloji həlləri məhz onlar təmin ediblər. ABŞ-la yanaşı, Britaniyada da Rusiyaya qarşı tez və qətiyyətlə hərəkətə keçməyə söz verirlər. Baş nazir Boris Conson Rusiya hökumət rəsmiləri və iqtisadiyyatına qarşı sanksiyalar tətbiq edəcəyinə söz verib. Bundan əvvəl Britaniya xəbərdarlıq edib ki, Kreml genişmiqyaslı işğal əvəzinə Ukraynada marionet rejimi qurmaq və Kiyevə sürətli və güclü zərbə endirmək variantı üzərində düşünə bilər. Onu da xatırladaq ki, Rusiya üçün Avropa İttifaqı ən iri ticarət partnyorudur. Ayrı-ayrı ölkələrə gəldikdə isə, Rusiya ixracında da, idxalında da birinci yeri tutan Çindən sonra növbəti yerləri Niderland və Almaniya tutur. İlk iyirmilikdə eləcə də İtaliya, Fransa, Finlandiya və Polşa da var. Avropa diplomatiyasının rəhbəri Cosep Borrell sanksiyaların təfərrüatlarına varmayaraq qeyd edib ki, onlar lazımi anda tətbiq olunacaq: “İstənilən yeni sanksiya paketi Ukraynaya mümkün müdaxilənin planlaşdırılmasında əli olan Rusiya zabit korpusunu, eləcə də Rusiya prezidentinin yaxın ətrafı və onun orbitində olan oliqarxları ailələri ilə birlikdə əhatə etməlidir. Sanksiyalar, həmçinin, Aİ-dəki maliyyə və fiziki aktivlərin dondurulmasını, səfərlərə qadağa qoyulmasını, Rusiyanın SWIFT ödəniş sistemindən xaric edilməsini, iqtisadiyyatın vacib sektorlarını, həmçinin ölkənin kəşfiyyat xidmətlərinin maliyyələşdirilməsinin kəsilməsini əhatə etməlidir”.

Məlumdur ki, Avropa sanksiyalar paketi aşağıdakı iqtisadi tədbirləri nəzərdə tutacaq: 1-valyuta konvertasiyasının məhdudlaşdırılması; 2-ixrac nəzarətinin gücləndirilməsi, ixrac və idxalın məhdudlaşdırılması və qadağan olunması; 3-mühüm texnologiyaların əldə edilməsinə məhdudiyyət. Avropa ölkələri arasında iki məsələyə dair yekdillik yoxdur: Rusiyanın beynəlxalq SWIFT ödəniş sistemindən xaric edilməsində və enerji sahəsində məhdudiyyətlərdə. Artıq  ayrı-ayrı bank və şirkətlər öz hökümətlərindən xahiş edirlər ki, Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq ediləcəyi halda onlar üçün istisna edilsin.

Avropa ölkələri razılığa gəliblər ki, bu və ya digər şəkildə Rusiyaya qarşı sanksiyalar onun qoşunları Ukrayna sərhədini keçərsə tətbiq olunacaq. Hesab edilir ki, Rusiya üçün problemli məqamlardan biri də qlobal ödəniş sistemi olan SWIFT-lə bağlı ola bilər. Bu ödəniş sisteminin mənzil-qərargahı Brüsseldə yerləşir və sistemin özü Belçika qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərir. 2021-ci ilin sonuna olan statistikaya görə, SWIFT sistemi gündəlik olaraq təxminən 30 milyon ödəniş mesajını emal edib. Bu sistemdən yalnız müəssisə və banklar deyil, həm də fiziki şəxslər istifadə edə bilir. Bu sistemdən Rusiyanın kənarlaşdırılmasının onun iqtisadiyyatı və əhalisi üçün Moskvanın iddia etdiyi kimi təsirsiz keçəcəyini təsəvvür etmək çətindir. 2014-cü ildə Qərb ölkələri Rusiyanın SWIFT-dən çıxarılması imkanlarını ilk dəfə müzakirə edərkən, Rusiya özünün SPFS adlı daxili ödəniş sistemini yaratdı. Rusiya ən böyük ticarət tərəfdaşı olan Çində yaradılmış CIPS adlı oxşar ödəniş sisteminə də qoşula bilər.

Bu sahədə alternativlərin olması rusiyalı analitiklərə deməyə əsas verir ki, Rusiya SWIFT-dən kəsildikdən sonra da belə, Rusiya vətəndaşları vəziyyətdən birtəhər çıxa biləcəklər. Ancaq Qərb ölkələri və onların Rusiya ilə iş aparan şirkətləri bundan zərər görəcək. Vyanada hərbi təhlükəsizlik üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bildirib ki, Rusiyanı SWIFT-dən kəsmək de-fakto mümkün deyil: “Nefti, qazı və digər sərvətləri olan Rusiyanı həmin sistemdən kəsmək mümkündürmü? Onlar nədir, zarafat edirlər?”. Qavrilov İranla bağlı oxşar cəhdləri və nəticəni də xatırladıb. Bəzi Aİ ölkələri bu tədbirin effektivliyinə şübhə ilə yanaşır. Bu məsələdə liderlik edən Almaniyadır. Əksər Avropa ölkələri ilə müqayisədə Almaniyanın Rusiya ilə daha geniş və daha dərin iqtisadi əlaqələri mövcuddur. Almaniyanın xarici işlər naziri Annalena Baerbok Rusiyanın SWIFT sistemindən çıxarılmasının zəruriliyinə şübhə ilə yanaşıb. O bildirib ki, belə bir qərar Rusiyanın Ukraynaya qarşı təcavüzünə ən güclü cavab ola bilər, lakin bu addımın ən təsirli olacağı şübhə doğurur. İndilikdə Avropa İttifaqı Rusiyanın ən mühüm ticarət tərəfdaşı olaraq qalır. Rusiya Avropa və ABŞ-dan avadanlıq, kimyəvi maddələr, texnologiyalar və hətta məhsulların idxalından asılıdır. Ancaq Avropa da neft və qazın üçdə birindən çoxunu Rusiyadan alır. Və Rusiya Qərbin sanksiyalarına cavab olaraq, xüsusən də qışın sonuna doğru qaz təchizatını dayandırarsa, Avropa hökumətlərinin öz vətəndaşlarına evlərində işıq və istiliyin nə səbəbdən kəsildiyini izah etməsi çətin olacaq. İndi maraq doğuran məsələlərədən biri Rusiyaya qarşı gözlənilən sanksiyaların Azərbaycana hansı mümkün təsirlərinin ola biləcəyidir. Axı, Rusiya ölkəmizin əsas ticarət tərfdaşları sırasında yer alır. Proqnozlara görə, sanksiyalar tətbiq edilsə. Rusiyanın maliyyə sektoruna Azərbaycanın Neft Fondunun yerləşdirdiyi depozitlərdən əldə olunan gəlirlər aşağı düşəcək. Eyni zamanda Rusiyanın əmlak bazarına yerləşdirilən vəsaitlərdən də əldə olunan gəlirdə dəyişiklik baş verəcək. Sanksiyaların ölkəmizə təsirlərindən biri də kənd təsərrüfatı məhsullarının bahalaşmasıdır. Avropadan şimal qonşumuza ixracın dayandırılması bu ölkədə Azərbaycan məhsullarına tələbatı artıracaq. Bu səbəbdən də ölkə bazarlarında kənd təsərrüfatı məhsullarının qıtlığı və bahalığı yarana bilər. Bundan başqa, sanksiyalardan sonra rublun ucuzlaşması Rusiyadan ixrac olunan məhsulların maya dəyərinin aşağı düşməsinə gətirib çıxaracaq. Yəni Rusiyadan Azərbaycana ixrac olunan məhsulların qiymətinin ucuzlaşması baş verəcək. Bu da yerli məhsulların rəqabətdə uduzmasına gətirib çıxaracaq. Bunlar ilkin gözlənilən problemlərdir. Amma sanksiyalar sərtləşərsə, təsir daha böyük sektorları əhatə edə bilər. Lakin iqtisadçılar qonşu dövlətin iqtisadi çöküşündən Azərbaycanın müəyyən qazancının ola biləcəyini də düşünür. Xüsusən də ixrac həcminin artması gözlənilir.

Nahid SALAYEV