Pərviz Şahbazov: “Bu il Azərbaycan İtaliyaya 7,4 mlrd kubmetr qaz ixrac edəcək”

327

Bu il İtaliyaya 7,4 milyard kubmetr qaz ixrac ediləcək.

“Report”un məlumatına görə, bu barədə Azərbaycanın energetika naziri Parviz Şahbazovun İtaliyanın ekoloji keçid nazirinin müavini Vannia Gava ilə keçirilən görüşdə bildirib.

Nazir İtaliyanın ekoloji keçid nazirinin müavini ilə görüşdə Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) bu ölkənin qaz istehlakına töhfələrindən bəhs edib.

Bu barədə nazir P. Şahbazov özünün “Twitter” hesabında paylaşıb.

Xatırladaq ki, fəaliyyətinin birinci ilində TAP ilə ümumilikdə Avropaya 8,1 milyard kubmetr Azərbaycan təbii qaz nəql edilib. Bu həcmlərin 6,8 milyard kubmetri yalnız İtaliyaya nəql edilib.

Qeyd edək ki, Trans-Adriatik Qaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

Xatırladaq ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 28,8 %), AzSD (10 %), “SGC Upstream” (6,7 %), “LUKoil” (10 %), “Petronas” (15,5 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.