Tankeri konteynerdaşıyana çevirmək üçün 3-5 ay kifayət edəcək

324

Konteyner gəmiləri üçün tariflərin artması və tankerlərə tələbatın azalması fonunda “Concordia Maritime” tanker operatoru “Stena Teknik” şirkəti və adı açıqlanmayan alman konsaltinq firması ilə əməkdaşlıq çərçivəsində tankerlərin konteyner gəmilərinə çevrilməsi imkanlarını araşdırmağa başlayıb.

“Seanews.az” xəbər verir ki, söhbət dedveyti 65,2 min ton olan “P-MAX” sinifli ərzaqdaşıyan tankerlərdən gedir. İlkin hesablamalara görə, gəmilərin texniki xüsusiyyətləri onları təxminən 2,1 min TEU daşımaq üçün uyğunlaşdırmağa imkan verəcək.

“Düzdür, həm texniki, həm də bazar baxımından bir sıra çətinliklər var. Cari ilin ikinci rübünün sonuna qədər başa çatdırılması planlaşdırılan araşdırmanın nəticələri ilə çox şey aydınlaşacaq,” -deyə “Concordia Maritime” şirkətində bildiriblər.

Layihə həyat qabiliyyətli olsa, növbəti mərhələdə tərsanələr və potensial icarəçilərlə danışıqlar aparılacaq. Bir tankeri konteynerdaşıyana çevirmək üçün 3-5 ay kifayət edəcək.