Şərti həbs cəzasına məhkum edilən kapitan məhkəmə xərclərini də ödəməlidir

299

“Seanews.az” xəbər verir ki,   Bolqarıstan məhkəməsi keçən ilin sentyabr ayında ölkənin şimal sahilindəki Yaylata təbiət qoruğunun ərazisindəsaya oturan “Vera SU” adlı yük gəmisinin kapitanını üç il şərti həbs cəzasına məhkum edib. Bundan başqa, kapitan məhkəmə xərclərini də ödəməlidir.

Türkiyə vətəndaşı olan 59 yaşlı kapitan bədbəxt hadisə törətməkdə, başqalarının əmlakına xeyli ziyan vurmaqda və digər vətəndaşların həyatı üçün təhlükə törətməkdə təqsirli olduğunu etiraf edib. Dobriç regional məhkəməsi hökmü təsdiqləyib və apellyasiya şikayəti verilə bilməz.

Qəza zamanı növbədə olan kapitanın ikinci köməkçisinin işinə ayrıca baxılacaq.

Ukraynadan Bolqarıstanın Varna limanına gedən “Vera SU” quru yük gəmisi  2021-ci il sentyabrın 20-də naviqasiya xətası səbəbindən Bolqarıstan sahillərində saya oturmuşdu. Zərbənin təsirindən təxminən yeddi düyün sürətlə üzən gəminin burnu ciddi əzilmişdi. Doqquz heyət üzvündən heç kəs xəsarət almamışdı. Saydan çıxarmaq üçün bir neçə uğursuz cəhddən sonra anbarları azot gübrəsi ilə dolu quru yük gəmisi tamamilə boşaldılmışdı. Oktyabrın 26-da saydan çıxarılan “Vera SU”  Varnadakı gəmiqayırma zavoduna aparılmışdı. Gəminin saydan çıxarılması əməliyyatlarına təxminən 1,5 milyon avro xərcləndiyi bildirilir.