GBL Group QSC-nin strateji partnyoru, Türkiyənin böyük nəqliyyat və logistika şirkətlərindən biri olan Aras Kargo Bakı Limanı ilə əməkdaşlıqda maraqlıdır

474

    GBL Group QSC-nin strateji partnyoru, Türkiyənin böyük nəqliyyat və logistika şirkətlərindən biri olan Aras Kargo Bakı Limanı ilə əməkdaşlıqda maraqlıdır.

Aras Kargonun baş direktoru Utku Ayyarkın başçılıq etdiyi nümayəndə heyəti 24 fevral 2022-ci il tarixdə Ələtdə yerləşən Bakı Limanına səfər edib. Nümayəndə heyətində Aras Kargonun tərəfdaşı olduğu və Bakı Limanı ilə yaxından əməkdaşlıq edən “İnkişaf Korporasiyası” QSC-də təmsil olunurdu.

    Aras Kargo Türkiyənin sürətli kuryer bağlama (CEP) sənayesində qabaqcıl rol oynayan ən böyük şirkətlərindəndir. Aras Kargo, Türkiyədə və xaricdə 13 regional mərkəzi, 29 hub, 900-dən çox filialı, 4.000-dən çox avtomobil parkı və 14 000-dən çox işçisi ilə hər ay 12 milyon şəxsə, təşkilat və şirkətlərə xidmət göstərir. Qeyd edək ki, Aras Kargonun səhmlərinin 80%-i Avstriya Poçtu şirkətinə məxsusdur.

       Səfər çərçivəsində Aras Karqonun nümayəndə heyətinin Bakı Limanının rəhbərliyi ilə Limanın Ələtdə yerləşən ofisində görüşü keçirildi. Bakı Limanın Baş direktoru Taleh Ziyadov Türkiyəli qonaqlara limanın strateji yerləşmə mövqeyi, texniki imkanları, əldə etdiyi nəticələr və perspektivlər haqqında məlumat verib. Görüş zamanı vurğulanıb ki, yükaşırma göstəricisi hər il yaxşılan Bakı Limanında ötən il 5,6 milyon ton yük aşırılıb ki, bu da 2020-ci illə müqayisədə 14,6 % artım deməkdir.

       Aras Kargonun baş direktoru Utku Ayyarkın isə Bakı Limanının regionda rolunun əhəmiyyəti, texniki imkanları, yükaşırma əməliyyatlarında müasir texnologiyaların tətbiqi və əməkdaşlıq üçün formalaşdırılan münbit şəraitindən məmnunluğunu ifadə edib. Həmçinin, o, qeyd etdi ki, regional nəqliyyat dəhlizində mərkəz rolunu oynayan Bakı Limanı ilə Aras Kargonun və beynəlxalq yükdaşıma sahəsində çalışan şirkətlərin əməkdaşlığının qurulması və genişləndirilməsi istiqamətində konkret işlər aparılacaqdır.

       Daha sonra qonaqlar Bakı Limanının terminallarının iş prinsipi ilə yerində tanış olublar və onları maraqlandıran suallar cavablandırlıb.