Beynəlxalq Gəmiçilik Palatası təchizat zəncirinin pozulacağı ilə bağlı narahatlığını ifadə edib

276

Beynəlxalq Gəmiçilik Palatası (“ICS”) Rusiya və Ukrayna dənizçilərinin sərbəst hərəkətinə maneçilik olarsa, təchizat zəncirinin pozulacağı barədə xəbərdarlıq edib.

“Seanews.az” xəbər verir ki,  “BIMCO” və “ICS” tərəfindən 2021-ci ildə dərc edilmiş hesabata əsasən, qlobal ticarət donanmasında 74 000 gəmidə təxminən 1,9 milyon dənizçi çalışıb. Onlardan 198 mini (10,5%) ruslar, 76,4 mini (4%) isə ukraynalılardır.

Ticarətin rəvan getməsini təmin etmək üçün dənizçilər öz maaşlarını beynəlxalq bank sistemləri vasitəsilə ala və dünya üzrə sərbəst hərəkət edə bilməlidirlər. Təşkilat qeyd edir ki, bölgədə uçuşların ləğvi ilə bu, getdikcə çətinləşəcək.

“Dənizçilərimizin təhlükəsizliyi bizim mütləq prioritetimizdir. Biz bütün tərəfləri dənizçilərin hansı bir hərəkətdə sövdələşmə obyektinə çevrilməməsini təmin etməyə çağırırıq”, – deyə Beynəlxalq Gəmiçilik Palatasının baş katibi Qay Platten bildirib.

“ICS” tərəfindən aparılan araşdırmaya görə, hər gəmidə orta hesabla ən azı üç ölkə vətəndaşı işləyir, bəzən onların sayı otuz nəfərə çatır və hər gəmidə orta hesabla ən azı üç dildə danışılır. “ICS” əvvəllər ticarət donanmaları üçün üzücü heyətin sayının artırılması tədbirlər görülmədikdə, qlobal təchizat zəncirlərində risklərə səbəb olacaq dənizçi çatışmazlığı barədə xəbərdarlıq etmişdi.