Pandemiya zamanı limanlarda xoşagəlməz hadisələrin sayı azalıb

235

Dəniz Gəmiçiliyində Korrupsiyaya Qarşı Mübarizə Təşkilatı (“MACN”) son 10 ildə gəmiçilikdə korrupsiyaya dair hesabatı dərc edib.

“Seanews.az” xəbər verir ki, hazırda “MACN”-ın anonim sistemində 149 ölkənin 1000 limanında heyətdən zorla müxtəlif  şeylərin qoparılması hadisələri ilə bağlı 50.000-dən çox məlumat var.

İlk 20-liyə Misir, İndoneziya, Nigeriya, Banqladeş, Tailand, Çin, Şri-Lanka, Seneqal, Əlcəzair limanları daxildir. Çox vaxt heyətlərdən siqaret, spirt və nağd pul tələb olunub.

Siyahıda birinci yerdə Süveyş kanalıdır (1,8 min korrupsiya hadisəsi, onlardan 1,6 min halda heyətdən zorla siqaret alınıb).

İkinci yerdə İndoneziyanın Tanjunq-Priok limanıdır (1,4 korrupsiya faktının 1 minində  heyəti siqaret verməyə məcbur ediblər).

Üçüncü yerdə Misirin İsgəndəriyyə limanı qərarlaşıb (747 hədə-qorxu hadisəsinin üçdə biri siqaretlə bağlı olub).

 “MACN”-ın hesabatına əsasən, hədə-qorxu ilə ən çox liman rəhbərləri (20,9%), losmanlar (16,5%), gömrük işçiləri (12,7%), liman agentləri (8,2%) məşğul olublar.

“MACN” qeyd edir ki, pandemiya zamanı xoşagəlməz hadisələrin sayı azalıb. Təşkilat bunu dənizçilərlə limançılar arasında birbaşa təmasların azalması və gəmilərin elektron sənəd dövriyyəsindən daha geniş istifadə etmələri ilə izah edir.