Pirallahı – “Allahın məbədi” deməkdir. Ada uzaq keçmişdə yerli sakinləri tərəfindən müqəddəs hesab edilirmiş. Və bunları yalnız adanın zəngin neft ehtiyatları barədə reportaj hazırlamağa qərar verdiyim zaman öyrənmiş oldum.
Beləliklə, “Damba” körpüsündən keçib həmin istiqamətdə adanın sonuna doğru irəlilədik. Yolun sonuna çatmağa az qalmış buruqlar olan sahəyə daxil olduq. İlkin olaraq sezdiyim mənzərə: təmiz küçələr idi. Çöldə çox az adama rast gələ bilərsiniz.
Quru sahədəki buruqlar “Pirallahı” yatağına daxildir. “Pirallahı” yatağı Abşeron yarımadasından şərqə doğru, arxipelaqın şimal-qərb hissəsində, Bakı şəhərindən 60 kilometr məsafədə yerləşir. Yataqda axtarış-qazma işlərinə 1897-ci ildən start verilib. Bu ildə Nobel qardaşları eyni vaxtda kəşfiyyat quyuları qazmağa başlayıblar.
1902-ci ilin dekabr ayında 44 saylı quyunun sınağı zamanı sənaye əhəmiyyətli neft alınıb. Yataqda 84 kəşfiyyat, 1074 istismar, 40 basqı quyusu olmaqla cəmi 1198 quyu qazılıb.
Burada 1902-ci ildə qazılmış ilk quyunu gördük. Ümumi 58 254 ton neft hasil edilən quyuda işlər 1923-ci ildə dayandırılıb.
Adada yeni neft yataqlarının istismarına başlanılması II Dünya Müharibəsi illərinə təsadüf edir. Bundan sonra adaya diqqət artırılır, paralel olaraq burada əhalinin sayı da artır.
Pirallahı adası ilə əlaqəli olaraq dünyada ilk dəniz quyusunun da məhz Azərbaycanda qazıldığı bildirilir.
Növbəti dayanacağımız “Darvin bankası” yatağı olur. Bu yatağın işlənməsinə cənub sahəsindən, 1947-ci ildən başlanılıb. 1952-ci ildə mərkəzi sahə, 1950-1958-ci illərdə isə şimal və şimal-şərq sahələri istismara daxil olub.
1950-1966-cı illərdə yatağın qazılması ayrı-ayrı özüllərdən və estakadalardan aparılıb. Quyuların kütləvi qazılması 1983-1991-ci illərdə həyata keçirilib. “Darvin bankası” yatağının böyük perspektivinin olduğu qeyd edilir.
“Darvin bankası” – ilk dəfə eşidənlər üçün neft yatağı adı kimi bir qədər fərqli səslənə bilər. Lakin “banka” sözünün daha hansı mənalar ifadə etdiyini öyrənənə qədər təbii ki.
Quru sahənin sonuna çatdıqda artıq yolumuzun bitdiyini düşündüm. Amma sən demə əsas mənzərə elə buradan sonra başlayır. Dənizə doğru uzunluğu 8 kilometr olan estakada uzanır. Girişdən baxdıqda demək olar ki, sonu görünmür.
Sahəyə nəzər saldıqda dənizin ortasında “Eyfel” qülləsini xatırladan nəhəng metal konstruksiyaları görürsünüz. Neftçilər onlara “özüllər” deyir.
Suyun səviyyəsi aşağı endiyindən dənizin ortasında nəhəng bir qaya parçası görünür. Normalda sakit havada dalğaların yayılma sürətini hiss edə bilməzsiniz burada. Amma qaya parçasına çırpılan və ətrafa yayılan ləpələr əslində küləyin nisbətən sərt olduğunu göstərirdi.
Mancanaq dəzgahlarının səsi ilə dalğaların səsi demək olar ki, həmahəngdir. Neft və dəniz qoxusu biri-birinə qarışıb. Az da olsa duman var idi.
Artıq neftçilərin sözü ilə desək “özüllərdə günəş batır”dı. Burada rənglər də solur, amma tamam fərqli bir mənzərə yaranır. Sanki qızılı-qəhvəyi tonların hakim olduğu bir rəsm əsərini seyr edirsiniz.
Axşama doğru artıq şaxtanın da yavaş-yavaş qanınızı dondurduğunu hiss edə bilərsiniz. Bu məqamda biz də “Darvin bankası” yatağı ilə vidalaşırıq.
Nəyə görə, bu yataq “Darvin bankası” adlandırlıb? – deyə düşündüm, lakin orada sualıma cavab tapa bilmədim. Bu sualın dəqiq bir cavabı da yox imiş, sən demə. Üstəlik özüm əlaqə qurmağa çalışdıqda da heç nə alınmadı: “Allahın məbədi” adlandırılan adada “Darvin bankası” yatağı…
“Banka” – dəniz və ya okean dibinin ətraf sahələrə nisbətən az dərinliyə malik, lakin dərinliyi gəmi hərəkəti üçün kifayət olan sahəyə deyilirmiş. “Bank” həmçinin ingilis dilindən “sahil”, “dayaz yer” mənalarında da tərcümə edilir.
Böyük ehtimalla kəşfiyyat prosesində iştirak etmiş adamın adı ilə əlaqədar sahə “Darvinin sahili” adlandırılıb.
Nigar Məmmədova
FOTO: Tapdıq Abdullayev