Azərbaycan, Gürcüstan və Qazaxıstan Transxəzər Marşrutunu inkişaf etdirir

296

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişaf etdirilməsi məqsədilə Azərbaycan, Gürcüstan və Qazaxıstan birgə müəssisənin yaradılması haqqında razılığa gəliblər. Bu müəssisə tarif formalaşması, yüklərin bəyan edilməsi, vahid IT həllərin tətbiqi və tranzit yüklərinin konsolidasiyası məsələlərini həll edəcək.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan hökumət başçısının Mətbuat Xidməti məlumat yayıb.

Ümumilikdə, marşrutun yükdaşıma qabiliyyəti illk 10 milyon ton, o cümlədən 200 min konteyner olaraq qiymətləndirilir.

Çinin Lianyungang limanı vasitəsilə hazırkı marşrutla bağlı tranzit yük daşımaları üçün tarifin azaldılması məsələsi nəzərdən keçirilir.

Yük daşımalarının təmin edilməsi məqsədilə martın 9-10-da Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi arasında danışıqlar keçirilib.

Xatırladaq ki, TBNM 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

2020-ci ilin dekabr ayından Türkiyədən TBNM ilə Çinin Sian şəhərinə Azərbaycan üzərindən konteyner qatarları göndərilir. Bu marşrut başqalarına nisbətən sürət və qiymətlər baxımdan sərfəli olduğu üçün bazarda tezliklə rəğbət qazanıb. Belə ki, cəmi 16 gün ərzində bir başdan o biri başa çatan qatarlar razılaşmalara görə ayda iki dəfə yola salınır. Bu razılaşma 2021-ci ilin əvvəlindən Çində konteyner daşımalarının bahalaşmasına baxmayaraq dəqiq yerinə yetirilir.

Həmçinin pandemiya və onun iqtisadiyyatdakı fəsadları, Çinin ixracatının kəskin artması və idxalatının azalması, konteyner gəmilərin xidmət haqqının artması kimi amillər konteynerlərin gəmilərlə daşıma haqqını artıb.