Nazirlik “balıqçı gəmisini” ildə niyə üç dəfə “əsaslı təmir” edib? – FOTOFAKT

475

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus olan “YUQ” adlı (rusca “Cənub”) gəminin təmiri ilə bağlı son bir ildə 3 dəfə tender elan olunub. Avtosfer.az xəbər verir ki, bunu ekspert Rəşad Əliyev öz sosial media hesabında yazıb. Belə ki, Nazirliyin tərkibində Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi mövcuddur. Bu idarə Nazirliyin nəqliyyat parkını idarə edir və bura nazirliyin istifadə etdiyi bütün növ nəqliyyat vasitələrinin, o cümlədən avtomobil və gəmilərin alınması, saxlanması, təmiri və s. daxildir. Mətbuatda dərc olunan yazılara əsasən, bu idarəni 2018-də Muxtar Babayev yeni nazir təyin olunandan sonra özü yaradıb. Yenə mətbuatda gedən çoxsaylı yazılara görə, yeni nazir təyin olunanda bu idarəyə rəis kimi öz qohumu Fizuli Babayevi (Socar-ın Nəqliyyat İdarəsinin keçmiş rəisi) təyin edib. Həm bu idarənin, həm də ümumiyyətlə Ekologiya Nazirliyinin keçirdiyi tenderlərlə bağlı çoxlu şübhəli məqamlar var, o cümlədən müxtəlif vaxtlarda keçirilmiş onlarla tenderlərin 3-4 şirkətə verilməsi isə maraq doğurur.

Bugünlərdə nazirliyə məxsus olan “YUQ” adlı (rusca “Cənub”) gəminin təmiri ilə bağlı keçirilən tender diqqət çəkib. Dövlət Gəmi Reyestrinə əsasən bu gəmi xüsusi təyinatlı gəmidir amma nazirlik isə nədənsə tender sənədlərində bu gəmini balıqçı gəmisi adlandırır.

Maraqlıdır ki, yuxarıda adını çəkdiyimiz İdarə 1 dekabr 2020-ci ildə “Saqa Gəmi Təmiri” adlı bir MMC ilə 224.385 manatlıq bir müqavilə bağlayıb və gəmi əsaslı təmir olunub.

Cəmi beş ay sonra (19 aprel 2021) eyni gəmi, yenidən eyni şirkətlə (“Saqa Gəmi Təmiri”) imzalanan 224.063 manatlıq müqavilə ilə əsaslı təmir olunub.

Gəminin sonuncu (ikinci) əsaslı təmirindən 11 ay keçib və Ekologiya Nazirliyi yenidən bu gəmini eyni şirkətdə (“Saqa Gəmi Təmiri”), yenidən əsaslı təmirə göndərir.

Maraqlıdır ki, bu cür gəmilərin cari təmirindən fərqli olaraq, əsaslı təmiri orta hesabla 2,5-3 ildən bir keçirilir. Yəni, “YUQ” gəmisinin nisbətən tez-tez əsaslı təmirə göndərilməsi çox şübhəli görünür.