Səngəçalda yeni lövbər dayanacağı təşkil edilə bilər

570

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), SOCAR, Dövlət Dəniz və Liman Agentliyi, Hərbi Dəniz Qüvvələrinin Hidroqrafiya İdarəsi və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələrinin iştirakı ilə  Xəzər dənizinin Azərbaycan sektorunda naviqasiyanın təhlükəsizliyinin təmin edilməsinə dair növbəti görüş keçirilib.

ASCO-nun təşəbbüsü ilə baş tutan görüşdə Xəzər dənizinin Azərbaycan sektorunda ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə istismarı başa çatmış dəniz özülləri, estekadalar və digər metal konstruksiyaların dəniz dibindən kəsilərək çıxarılması, bununla əlaqədar dəniz xəritələrinin yenidən nəşri, Hidroqrafiya İdarəsi tərəfindən Azərbaycan bayrağı altında üzən gəmilər üçün Xəzərin elektron xəritəsinin yenilənməsi, Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş limanların dəniz akvatoriyası və gəmilərin mövcud yanalma körpülərinin, həmçinin yeni tikilmiş körpülərin koordinatlarının dəqiqləşdirilməsi və yeni  nəşr xəritələrində göstərilməsi, Səngəçal ərazisində yeni lövbər dayanacağının təşkil edilməsi, kanallarda dibdərinləşdirmə işlərinin aparılması, Yaxt klub akvatoriyasında dibdərinləşdirmə işlərinin aparılması, naviqasiya avadanlıqları vasitələrinə (buylar, stvorlar, mayaklar və sahil nişanları) nəzarət, təmir, dəyişdirilməsi kimi məsələlər müzakirə olunub.

Müzakirələrin nəticəsində qərara gəlinib ki, SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda gördüyü işlər (özüllərin tikintisi, təmiri, itismarı başa çatmış özüllərin sökülməsi, sualtı boru xətlərinin çəkilməsi-sökülməsi və s. barədə HDQ Hidroqrafiya İdarəsinə, eləcə də Dövlət Dəniz və Liman Agentliyinə məlumat verəcək.

HDQ-nin Hidroqrafiya İdarəsi ilk növbədə Səngəçalda (N.Nərimanov NQÇİ) SOCAR tərəfindən görülmüş işlərə müvafiq olaraq dəniz xəritələrinin yenilənməsini, Xəzər dənizinin elektron xəritələrinin müvafiq standart və tələblərə uyğunlaşdırılmasını, Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş limanların dəniz akvatoriyası və gəmilərin mövcud olan  yanalma körpülərinin, həmçinin yeni tikilmiş körpülərin koordinatlarının  dəqiqləşdirilməsi, yeni  nəşr xəritələrində göstərilməsi, naviqasiya ədəbiyyatlarının korrektəsini təmin edəcək. HDQ-nin Hidroqrafiya İdarəsi  Səngəçal limanı yaxınlığında  yeni  lövbər dayanacağının  koordinatlarını  müəyyən edib  razılaşdırmaq  üçün təqdim edəcək.

Bundan başqa, gəmi heyəti dənizdə xəritələrdə göstərilməyən uyğunsuzluq aşkar etdikdə (hər hansı üzən obyekt, dərinliklərin dəyişdirilməsi və s.) ASCO-ya məlumat verməli, öz növbəsində ASCO həmin məlumatların Hidroqrafiya İdarəsinə ötürülməsini təmin etməlidir.

Görüşdə sözügedən işlərin icrasına nəzarət məqsədilə aidiyyəti qurumların əməkdaşlarından ibarət komissiya üzvlərinin ayda bir dəfə toplanması barədə razılığa da gəlinib.

asco.az