ABŞ-nin “Dəmir qapı” təşəbbüsü: İranın alternativ ticarət yolları bağlana bilər?

7

ABŞ-nin İrana qarşı təzyiq siyasətini genişləndirməsi Xəzər dənizini də beynəlxalq təhlükəsizlik gündəminə çıxarıb. Vaşinqtonun yaratdığı “Task Force Iron Gate” (“Dəmir qapı”) əməliyyat qrupunun fəaliyyət istiqamətləri arasında İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə silah sistemlərinin, ikili təyinatlı texnologiyaların və sanksiyalara məruz qalan materialların daşınmasının məhdudlaşdırılması yer alır.

Yeni təşəbbüsün diqqətçəkən tərəfi ABŞ-nin Xəzər dənizində birbaşa hərbi mövcudluğunun olmamasıdır. Bu isə Vaşinqtonun nəzərdə tutduğu məhdudiyyətləri hansı mexanizmlərlə həyata keçirə biləcəyi barədə suallar doğurur. Digər tərəfdən, Xəzər İranla Rusiya arasında ticarət və nəqliyyat əlaqələrinin mühüm istiqamətlərindən biri olduğundan, mümkün məhdudiyyətlər regiondakı iqtisadi və siyasi maraqlara da təsir göstərə bilər.

Azərbaycan üçün məsələ həm təhlükəsizlik, həm də nəqliyyat baxımından əhəmiyyətlidir. Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin fəaliyyəti, mövcud dəmir yolu bağlantıları və Xəzər üzərindən daşımalar ölkənin regional logistika mövqeyi ilə sıx bağlıdır. Bu səbəbdən ABŞ-nin yeni planının mümkün nəticələri yalnız İranla məhdudlaşmır.

247press.media “Dəmir qapı” təşəbbüsünün strateji məqsədlərini, Rusiya–İran münasibətlərinə mümkün təsirlərini, alternativ nəqliyyat marşrutlarını və Azərbaycan üçün yarana biləcək riskləri siyasi və nəqliyyat aspektlərindən araşdırıb.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu ABŞ-nin yeni təşəbbüsünü İranla hərbi qarşıdurmanın gedişi və Vaşinqtonun əvvəlki təzyiq vasitələrinin nəticələri ilə əlaqələndirir.

Onun qiymətləndirməsinə görə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları ilkin siyasi məqsədlərinə çatmayıb. Siyasi şərhçi hesab edir ki, İran rəhbərliyinin hədəf alınması ölkə daxilində kütləvi etirazlara və hakimiyyət dəyişikliyinə səbəb olmayıb.

“Birləşmiş Ştatlar ilə İsrail İrana hücumları ilə qarşıya qoyduqları hədəflərinə çata bilmədilər, yəni bütün rəhbər heyətin aradan qaldırılması ilə İranda əhalinin üsyana qalxması və beləliklə də İranda hakimiyyət dəyişikliyinə nail ola bilmədilər”.

Ə. Zülfüqaroğlunun fikrincə, müharibənin uzanması qarşıdurmanın daha çoxşaxəli xarakter almasına gətirib çıxarıb. O, Rusiya və Çinin İrana müxtəlif kəşfiyyat və texnoloji dəstək verdiyini, Tehranın isə assimetrik müharibə imkanlarından istifadə edərək qarşıdurmanın coğrafiyasını genişləndirdiyini bildirir.

Siyasi şərhçi hesab edir ki, bu proses ABŞ-nin regiondakı maraqlarına da təsir göstərib. Xüsusilə Hörmüz boğazının faktiki olaraq İranın nəzarətinə keçdiyini bildirən Ə. Zülfüqaroğlu həmin vəziyyətin neft qiymətlərinə və ABŞ-də ictimai rəyə təsir etdiyini vurğulayır.

Onun sözlərinə görə, aralıq seçkilər ərəfəsində Tramp administrasiyası yaranmış problemləri diplomatik danışıqlar vasitəsilə həll etməyə çalışıb. Bununla yanaşı, müharibənin davam etdirilməsi məsələsində Respublikaçılar Partiyası daxilində fikir ayrılıqlarının yarandığını, Pentaqonla Ağ Ev arasında ziddiyyətlərin dərinləşdiyini və bu proseslə bağlı istefaların baş verdiyini iddia edir.

Ə. Zülfüqaroğlu ABŞ-nin maliyyə naziri Skott Bessentin planı əsasında İrana tətbiq edilən blokadanın da Vaşinqtonun gözlədiyi nəticəni vermədiyini düşünür.

“Birləşmiş Ştatlar İranın kölgə iqtisadiyyatına zərbə vura bilmir”.

Siyasi şərhçi bunu İranın uzun illər ərzində sanksiyalardan yayınmaq üçün formalaşdırdığı iqtisadi əlaqələrlə izah edir. Onun fikrincə, tətbiq olunan blokadaya baxmayaraq, İran neftinin daşınması davam edir və Vaşinqton Tehranın alternativ ticarət imkanlarını tam məhdudlaşdıra bilmir.

O hesab edir ki, ABŞ bu səbəbdən genişmiqyaslı hərbi eskalasiyadan daha az risk daşıyan məhdud zərbələrə və iqtisadi təcridin gücləndirilməsinə üstünlük verir.

Ə. Zülfüqaroğlu İranın coğrafi mövqeyinin də bu prosesdə mühüm rol oynadığını bildirir. Onun sözlərinə görə, Tehran Rusiya ilə əlaqələrini saxlamaqla yanaşı, Ermənistan, Türkmənistan, Türkiyə, Əfqanıstan və Pakistan istiqamətlərindən də yüklərin daşınması üçün istifadə etmək potensialına malikdir.

Siyasi şərhçi bu məsələnin ABŞ-nin daxili siyasi gündəmi ilə də əlaqəli olduğunu düşünür. Onun qiymətləndirməsinə görə, Tramp administrasiyasının İranla bağlı problemi həll etmək üçün təxminən iki ili var. O iddia edir ki, qarşıdurmanın həll olunmaması respublikaçıların 2028-ci il prezident seçkilərindəki mövqeyinə mənfi təsir göstərə bilər. Ə. Zülfüqaroğlu aralıq seçkilərdə demokratların qələbəsini də İranla bağlı vəziyyətlə əlaqələndirir.

Bu şəraitdə İranın Xəzər dənizinə çıxışı Vaşinqton üçün ayrıca əhəmiyyət daşıyır. Siyasi şərhçinin fikrincə, ABŞ Xəzər istiqamətində məhdudiyyətləri genişləndirməklə İranın alternativ iqtisadi və nəqliyyat imkanlarını zəiflətməyə çalışır.

Rusiya üçün mümkün nəticələr

Planın Rusiya üçün nəticələrinə gəlincə, Ə. Zülfüqaroğlu Moskvanın bu təşəbbüsdən ciddi narahatlıq keçirə biləcəyini bildirir. O, Rusiya–İran əlaqələrinin mövcudluğunu və Xəzər marşrutunun iki ölkə üçün əhəmiyyətini nəzərə alaraq Vaşinqtonun addımlarının Kremlin maraqlarına uyğun olmadığını düşünür.

Bununla yanaşı, siyasi şərhçi Rusiyanın Tramp administrasiyasına müəyyən təsir imkanlarının olduğunu iddia edir. O, bu fikrini ABŞ-də son seçkilərdən əvvəl Ukrayna məsələsi ətrafında gedən proseslərlə əlaqələndirsə də, həmin təsir imkanlarının səbəblərinin tam aydın olmadığını qeyd edir.

ABŞ-nin Xəzərdə planlaşdırdığı məhdudiyyətlərin praktiki icrasına isə Ə. Zülfüqaroğlu şübhə ilə yanaşır. Onun sözlərinə görə, ABŞ-nin Xəzər regionuna birbaşa çıxışının olmaması Vaşinqtonun bu istiqamətdə addımlar atmasını çətinləşdirir.

“Bu hazırkı məqamda qeyri-mümkün bir ssenari kimi görünür”.

Siyasi şərhçinin fikrincə, ABŞ-nin regionda birbaşa hərbi mövcudluğunun olmaması Xəzərdə fiziki nəzarətin həyata keçirilməsi imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

O, İrana qarşı hərbi zərbələrin genişlənməsinin və ya Xəzər dənizində yeni qarşıdurma yaranmasının yalnız Tehran üçün deyil, bütövlükdə region üçün təhlükə doğura biləcəyini bildirir. Zülfüqaroğlu hesab edir ki, belə bir vəziyyət Yaxın Şərqlə yanaşı, Qafqazın təhlükəsizlik mühitinə də təsir göstərə bilər.

“Bu baxımdan Birləşmiş Ştatların Xəzər regionu ilə bağlı ssenarisi xüsusilə Qafqaz, Cənubi Qafqaz ölkələri, eyni zamanda Rusiya üçün də ciddi problemlər yarada bilər və bu arzulanan mənzərə deyil”.

Ticarət yolları dəyişə bilərmi?

ABŞ-nin yeni məhdudiyyətlərinin mümkün iqtisadi nəticələri İranın mövcud nəqliyyat infrastrukturu və alternativ yükləyiş imkanları ilə də bağlıdır. Xəzər üzərindən daşımaların məhdudlaşdırılması ehtimalı Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin müxtəlif istiqamətlərinin buraxılış qabiliyyətini və regional dəmir yolu bağlantılarının əhəmiyyətini ön plana çıxarır.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, İranın quru nəqliyyat infrastrukturu böyük həcmdə yükləri təmin etmək baxımından məhdud imkanlara malikdir:

“Ümumilikdə, İranın quru nəqliyyat infrastrukturunun böyük həcmdə yük ötürmək imkanları məhduddur. Burada əsas məqamlardan biri qonşu ölkələrlə nəqliyyat bağlantılarının vəziyyətidir”.

Ekspertin sözlərinə görə, İranın Azərbaycan və digər qonşu ölkələrlə nəqliyyat əlaqələrinin inkişafına tarixi və regional proseslər təsir göstərib.

O xatırladıb ki, İrəvan–Uluхanlı–Culfa–Təbriz dəmir yolu 1908-ci ildə istifadəyə verilib. Ekspert qeyd edib ki, regionda uzun illər davam edən münaqişə və nəqliyyat əlaqələrində yaranmış məhdudiyyətlər bu marşrutun fəaliyyətinə təsir göstərib.

Rauf Ağamirzəyev bildirir ki, həmin istiqamətdə mövcud potensialla müqayisədə daha az yük daşınır. Bununla belə, gələcəkdə regional bağlantıların bərpası daşımaların artmasına imkan yarada bilər.

“Gələcəkdə Zəngəzur dəhlizinin açılması bu istiqamətdə daşımaların daha da fəallaşmasına imkan verə bilər”.

Ekspert İranın quru nəqliyyat imkanlarını qiymətləndirərkən vaxtilə lend-liz proqramı çərçivəsində tikilmiş Ələt–Culfa və Ələt–Astara dəmir yollarına da diqqət çəkir.

Onun sözlərinə görə, Astara ilə Rəşt arasındakı dəmir yolu hissəsinin tamamlanmaması bu istiqamətdə tam dəmir yolu bağlantısının yaranmasına mane olur. Hazırda 162 kilometrlik hissə fəaliyyət göstərmir və layihə üzrə mühəndis-axtarış işləri aparılır. Nəticədə marşrutda müxtəlif nəqliyyat növlərinin birləşdirildiyi multimodal daşımalar həyata keçirilir.

R. Ağamirzəyev İranın Türkmənistan üzərindən dəmir yolu əlaqələrini də alternativ nəqliyyat imkanlarından biri kimi göstərir.

Ekspert xatırladır ki, 1996-cı ilin mayında Türkmənistanın Sərhəd şəhərində İranla dəmir yolu əlaqəsi yaradılıb. Daha sonra, 2014-cü ildə Qazaxıstan–Türkmənistan–İran dəmir yolu Xəzərin şərq sahilində yerləşən İnçeburun məntəqəsi üzərindən bağlantını təmin edib.

Onun təqdim etdiyi məlumatlara görə, bu iki istiqamətin ümumi buraxılış qabiliyyəti əvvəl 2 milyon ton olub, sonradan 3 milyon tona çatdırılıb. Gələcəkdə həmin göstəricinin 15 milyon tona yüksəldilməsi hədəflənsə də, mövcud imkanlar hələlik məhduddur.

Xəzər üzərindən İran–Rusiya daşımaları risk altındadır?

Xəzər üzərindən İran–Rusiya daşımalarına gəlincə, nəqliyyat eksperti bu istiqamətin daha yüksək risklə üzləşə biləcəyini düşünür.

“Risklər baxımından daha çox trans-Xəzər, yəni Xəzər üzərindən İran–Rusiya marşrutunda müəyyən bu il ərzində hücumlar müşahidə olunmuşdu”.

R. Ağamirzəyev bu qiymətləndirməsini müharibə dövründə Xəzər hövzəsindəki nəqliyyat infrastrukturuna və gəmilərə qarşı hücumlarla əlaqələndirir.

Onun sözlərinə görə, İranın Bəndər–Ənzəli limanı İsrailin hərbi hava qüvvələrinin zərbələrinə məruz qalıb. Bununla yanaşı, Xəzərin şimalında, Rusiya sahilləri yaxınlığında İran gəmilərinin Ukrayna dronları tərəfindən vurulması ehtimalına dair məlumatlar da yayılıb. Ekspert həmin daşımaların silah-sursatla əlaqələndirildiyini qeyd edir.

Rauf Ağamirzəyev hesab edir ki, belə hadisələrin fonunda Şimal–Cənub dəhlizinin Transxəzər hissəsi digər istiqamətlərlə müqayisədə daha çox təsirlənə bilər.

Ekspertin sözlərinə görə, quru marşrutlarında isə əsasən sanksiyalara məruz qalmayan yüklərin məhdud həcmdə daşınması mümkündür.

O, İranın 47 ildir sanksiyalar şəraitində yaşadığını xatırladaraq, böyük həcmli beynəlxalq yükdaşımaların və əlaqəli əməliyyatların bu vəziyyətdə asan olmadığını bildirir. Bu səbəbdən alternativ istiqamətlərdə də daşımaların həcminin məhdud qalacağını ehtimal edir.

Bununla yanaşı, Rusiya Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı daha geniş hədəflər müəyyənləşdirib.

R. Ağamirzeyevin sözlərinə görə, Rusiya dəhliz üzrə hər istiqamətdə 15 milyon ton, ümumilikdə isə 30 milyon ton yük daşınmasına nail olmağı qarşıya məqsəd qoyub.

Lakin bu hədəfin reallaşması bir sıra infrastruktur layihələrinin tamamlanmasından asılıdır. Ekspert Rusiyanın öz ərazisində həyata keçirdiyi nəqliyyat layihələrini, İranda Rəşt–Astara dəmir yolu bağlantısının qurulmasını və İranın şimalındakı dəmir yolu infrastrukturunun modernləşdirilməsini əsas amillər sırasında göstərir.

O hesab edir ki, həm regional təhlükəsizlik vəziyyəti, həm də infrastruktur layihələrinin icra sürəti gələcək yükdaşımaların həcminə təsir göstərəcək.

“Qarşıya qoyulan hədəflərin nə dərəcədə reallaşacağı hadisələrin sonrakı gedişindən asılı olacaq”.

“Dəmir qapı” təşəbbüsünün real təsiri necə olacaq?

“Dəmir qapı” təşəbbüsünün real təsiri onun hansı mexanizmlərlə həyata keçiriləcəyindən asılıdır. Xəzərdə birbaşa hərbi nəzarətlə iqtisadi və logistika məhdudiyyətlərinin tətbiqi fərqli imkanlar tələb edir. Əməliyyat qrupunun praktiki fəaliyyət üsulları aydınlaşmadan planın nəticələri barədə qəti qənaətə gəlmək çətindir.

İranın alternativ marşrutları, Rusiya ilə əlaqələri və regional infrastrukturun buraxılış qabiliyyəti mümkün məhdudiyyətlərin təsir dairəsini müəyyənləşdirəcək. Dəniz daşımalarına təzyiqin artması quru yollarının əhəmiyyətini yüksəldə bilər, lakin mövcud infrastruktur onların bütün yük axınını qəbul etməsinə imkan verməyə bilər.

Azərbaycan üçün əsas məsələ təhlükəsizlik mühitinin, beynəlxalq nəqliyyat əlaqələrinin və tranzit fəaliyyətinin sabitliyinin qorunmasıdır. Xəzərdə gərginliyin artması regionun bir-biri ilə bağlı iqtisadi maraqlarına təsir göstərə bilər.

Buna görə də qarşıdakı mərhələdə diqqət yalnız məhdudiyyətlərin miqyasına deyil, onların mülki ticarətə və nəqliyyat marşrutlarının davamlılığına təsirinə yönələcək.