“Xəzər körpüsü”: yeni layihə Azərbaycan və Qazaxıstan arasında yükdaşımalarını necə dəyişəcək?

44

Astana və Bakı yeni “Xəzər körpüsü” transxəzər bərə sisteminin, eləcə də birgə intermodal yük terminalının yaradılması çərçivəsində əməkdaşlıq barədə razılığa gəliblər.

İlk saziş yeni “Xəzər körpüsü” transxəzər bərə sisteminin yaradılması layihəsinin hazırlanması və həyata keçirilməsi çərçivəsində tərəflərin əməkdaşlığının əsas prinsiplərini və istiqamətlərini müəyyən edir. Sənəddə, xüsusilə, böyük yük tutumuna malik müasir bərələrdən istifadə etməklə Xəzər dənizi üzərindən müntəzəm yükdaşımaların inkişafı, həmçinin liman və terminal infrastrukturunun təkmilləşdirilməsi nəzərdə tutulur.

İkinci sənəd isə intermodal yük terminalının və birgə müəssisənin yaradılmasının əsas şərtlərini müəyyən edir. Yeni terminalın Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Ələt ərazisində yaradılması nəzərdə tutulur. Terminalın fəaliyyəti konteyner və digər yükdaşımaların həcminin artırılmasına, eləcə də dəniz və dəmir yolu nəqliyyatının daha sıx inteqrasiyasına yönəldiləcək.

Ümumilikdə, “Xəzər körpüsü” təşəbbüsünün həyata keçirilməsi yükdaşımaların səmərəliliyinin artırılmasına, dəniz keçidi və liman əməliyyatlarına sərf olunan vaxtın azaldılmasına, nəqliyyat marşrutunun ötürücülük qabiliyyətinin artırılmasına xidmət etməlidir. Bərə əlaqələrinin inkişafı və yeni yük terminalının yaradılması isə iki ölkənin regionun nəqliyyat infrastrukturunun gücləndirilməsi istiqamətində daha geniş əməkdaşlığının bir hissəsi kimi qiymətləndirilir. Növbəti mərhələdə tərəflər birgə layihələrin həyata keçirilməsi üçün investisiya modelini və maliyyə şərtlərini işləyib hazırlamalıdırlar.

Bundan əlavə, bu təşəbbüslər Çin və Mərkəzi Asiya ölkələrini Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa ilə birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun – “Orta Dəhliz”in inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Böyük yük tutumlu bərələrdən istifadə və liman infrastrukturunun inkişafı Xəzər dənizi üzərindən dəniz keçidinə sərf olunan vaxtı nə dərəcədə azalda bilər? Marşrutun iqtisadi səmərəliliyinin və beynəlxalq daşıyıcılar üçün cəlbediciliyinin artırılması üçün hansı həcmdə konteyner daşımaları təmin edilməlidir? “Xəzər körpüsü” bərə sisteminin həyata keçirilməsi “Orta Dəhliz”in rəqabət qabiliyyətini necə yüksəldə bilər?

Denizxeber.az bildirir ki, bu sualları Media.Az-ın nəqliyyat-logistika sahəsində tanınmış azərbaycanlı eksperti Rauf Ağamirzəyev cavablandırıb.

Onun sözlərinə görə, imzalanan sənədlərdən birincisi əsas nəqliyyat infrastrukturunun inkişafı və yüksək tutumlu bərə keçidlərinin yaradılması üçün baza formalaşdırır.

“‘Samruk-Kazına’ Fondu ilə AZCON Holding arasında imzalanan bu sazişin əsas məqsədi proseslərin sistemli şəkildə əlaqələndirilməsindən ibarətdir. Yükdaşımaların artan həcmi fonunda Xəzər dənizinin dayazlaşması xüsusi risk faktoru kimi çıxış edir və yeni logistika layihələrinin həyata keçirilməsinə birbaşa təsir göstərir. Bu çağırışın aradan qaldırılması Xəzəryanı dövlətlərin sıx əməkdaşlığını, liman infrastrukturunun inkişafını və hidroloji risklər nəzərə alınmaqla yeni ticarət donanmasının mərhələli şəkildə formalaşdırılmasını tələb edir. Donanmanın yenilənməsi və dayanıqlı nəqliyyat sisteminin yaradılması ilə bağlı cari və perspektiv vəzifələri “Super Ferry” (həmçinin “Xəzər körpüsü” adı ilə tanınır) ixtisaslaşdırılmış layihəsi həll etməlidir”, – deyə ekspert bildirib.

O qeyd edib ki, infrastrukturun inkişafı ilə paralel olaraq yük axınının, xüsusilə də konteyner daşımalarının həcminin artması istiqamətində davamlı tendensiya müşahidə olunur.

“Logistikanın maksimal iqtisadi səmərəliliyinə nail olmaq üçün 300 000–500 000 20 futluq konteyner (TEU) həcmində hədəf göstəriciyə çatmaq lazımdır. Bu, marşrutu beynəlxalq daşıyıcılar üçün əhəmiyyətli dərəcədə daha cəlbedici edəcək.

Bundan əlavə, Xəzər dəhlizinin mühüm üstünlüklərindən biri daşınan yüklərin geniş çeşididir: maye yüklər (neft), tökmə yüklər (taxıl, mineral gübrələr), həmçinin uran və iriölçülü obyektlər. Bu diversifikasiya logistika sisteminə yüksək çeviklik verir və onun bir yük növündən asılılığını azaldır. Ticarət həcmləri artdıqca infrastrukturun ötürücülük qabiliyyəti və gəmilərin parametrləri sinxron şəkildə artırılmalıdır. Daşımaların multimodal xarakteri və yüklərin müxtəlifliyi isə marşrutun ümumi səmərəliliyini və çoxşaxəli cəlbediciliyini yüksəldir”, – R.Ağamirzəyev hesab edir.

Ekspert düşünür ki, hərbi münaqişələr və artan risklər səbəbindən ənənəvi ticarət yollarının bloklanması şəraitində Xəzər marşrutu strateji əhəmiyyət qazanır.

“Hazırda bu istiqamət üzrə daşınmanın dəyəri nisbətən yüksək kimi qəbul oluna bilsə də, perspektivdə dəhliz premium, yüksək sürətli və proqnozlaşdırıla bilən marşruta çevrilə bilər”, – deyə müsahib vurğulayıb.

O, həmçinin qeyd edib ki, Avrasiya məkanında yük axınları uğrunda qlobal rəqabət fonunda “Orta Dəhliz” sürətlə inkişaf edir.

“Bu istiqamətin dayanıqlılığı və rəqabət qabiliyyəti inkişaf etmiş şəbəkənin – boru kəmərləri, liman infrastrukturu, hava limanları, dəmir və avtomobil yollarının mövcudluğu, eləcə də Zəngəzur dəhlizi və tikilməkdə olan Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu kimi əlaqəli layihələrlə inteqrasiya hesabına təmin olunur. Keçirilmiş görüşlər və əldə olunmuş razılaşmalar Xəzər marşrutunun qlobal nəqliyyat sistemində mövqeyini daha da gücləndirir”, – R.Ağamirzəyev yekunlaşdırıb.