Xəzər dənizində yerləşən karbohidrogen ehtiyatlarının birgə işlənilməsini nəzərdə tutan “Dostluq” yatağı layihəsi Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldir.
Denizxeber.az bildirir ki, Milli Məclisin deputatı Müşfiq Cəfərov Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri iki qardaş ölkə arasında strateji tərəfdaşlığın, Xəzər regionunda təhlükəsizliyin və regional nəqliyyat-enerji layihələrinin inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir. Deputat qeyd edib ki, 2017-ci ildə imzalanan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və 2021-ci ilin yanvarında “Dostluq” yatağının birgə kəşfiyyatı və işlənilməsinə dair imzalanmış Anlaşma Memorandumu enerji sahəsində əməkdaşlığı daha da möhkəmləndirib.
M.Cəfərov vurğulayıb ki, dövlət başçısının Türkmənistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı Azərbaycanın Mərkəzi Asiya regionu ilə strateji inteqrasiyada yeni dinamik mərhələyə qədəm qoyduğunu göstərir. Artan qlobal qeyri-sabitlik və təchizat zəncirlərinin pozulması fonunda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin, eləcə də Xəzər dənizindəki liman və energetika infrastrukturlarının inkişafı regionun tranzit və iqtisadi potensialının tam reallaşdırılmasına xidmət edir.





