İrlandiya da Rusiya gəmilərini öz limanlarına buraxmayacaq

309

İrlandiya Nəqliyyat Departamenti bütün İrlandiya limanlarına Rusiyada qeydiyyatdan keçmiş gəmilərə girişi qadağan etməyi tapşırıb.

“Seanews.az” xəbər verir ki, İrlandiya hökumətinin Rusiya gəmilərinin ölkəyə girişini qadağan edən direktivi Avropa İttifaqı sanksiyalarının icrası çərçivəsində hazırlanıb.

Gələn bazar günündən qüvvəyə minəcək direktivlə Rusiya bayrağı altında qeydiyyatdan keçmiş bütün gəmi və yaxtalar İrlandiya limanlarında dayana bilməyəcək.

Xatırladaq ki, Aİ-nin Rusiyaya qarşı beşinci sanksiyalar paketi digər tədbirlərlə yanaşı, Rusiya bayrağı altında üzən gəmilərin Avropa limanlarına girişinə qadağa da daxildir. Dəniz limanları ilə eyni vaxtda avtomobil nəqliyyatı üçün də məhdudiyyətlər tətbiq edilib. Rusiya və Belarus müəssisələrinin Avropa İttifaqı daxilində, o cümlədən tranzitlə yük daşıması qadağandır. Qadağa əczaçılıq, tibb, kənd təsərrüfatı və ərzaq məhsullarına, o cümlədən buğdaya, habelə humanitar ləvazimata şamil edilmir.