Aİ ölkələrinin limanları Rusiya gəmiləri üçün bağlanıb

297

Avropa İttifaqına (Aİ) üzv bütün ölkələrin limanları Rusiya gəmiləri üçün bağlanıb.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

“Aİ-nin rusiyalılar üçün qadağa direktivi qüvvəyə minib. Bu direktiv Rusiya bayrağı altına qeydiyyatdan keçmiş bütün gəmilərə, o cümlədən fevralın 24-dən sonra qeydiyyatı dəyişmiş gəmilərə şamil edilir”, – o bildirib.

Bu qərar yalnız SOS (Mayday) siqnalı vermiş gəmilərə şamil edilməyəcək. Onlarla bağlı qərar fərdi olaraq qəbul ediləcək.

“Bu istisnaların necə tətbiq ediləcəyini və Rusiya gəmilərinin məhdudiyyətləri pozmaq üçün onlardan istifadə edib-etməyəcəyini izləyəcəyik”, – A.Yermak söyləyib.

Xatırladaq ki, daha əvvəl Bolqarıstan, Rumıniya, İtaliya və Estoniya öz limanlarını Rusiya gəmilərinin üzünə bağlamışdı.