Elmi-tədqiqat gəmisi Mərmərə dənizində tədqiqat aparacaq

313

İstanbul Universitetinin elmi-tədqiqat gəmisi Mərmərə dənizi və Bosfor (Boğaziçi) sularında təhlükəli dəniz seliyinin toplandığı yerlərdə tədqiqat aparacaq.

“Seanews.az” xəbər verir ki,  iş Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin göstərişi ilə Mərmərə dənizinin ekologiyasının qorunması üzrə tədbirlər planı çərçivəsində təşkil edilib.

Aprel ayında İstanbul sahillərində qəhvəyi dəniz seliyinin aşkar edilib və nazirlik aradan qaldırılması üç aydan çox vaxt aparan ötənilki ekoloji fəlakətin təkrarlanmaması üçün dəniz hövzəsinin təcili tədqiqinə başlayıb.

Qeyd edək ki, 2021-ci ilin mart ayında Mərmərə dənizində böyük miqdarda dəniz seliyinin yığılmasından sonra sahildəki turizm obyektləri bağlandı, balıq ovu qadağan edildi və onlarla şirkət dənizi çirkləndirdiyinə görə cərimələndi. Həmin ilin iyun ayında Türkiyə hakimiyyəti dəniz seliyi ilə mübarizə üçün fəaliyyət planını elan edərək, bunu prioritet ekoloji layihələrdən biri adlandırdı.

“Milliyet” qəzetinin məlumatına görə, ilkin mərhələdə alimlər su, yosun nümunələri götürəcək, Bosforda dənizin dibini tədqiq edəcək, daha sonra gəmi Mərmərə dənizinə gedəcək və orada oxşar işləri görəcək. Bununla belə, diqqət fitoplankton toplanmasının aşkar edildiyi yerlərə yönəldiləcəkdir. Tədqiqat məlumatları Mərmərə dənizinin ekologiyasının qorunması üçün konkret tədbirlərin görülməsi məqsədi ilə müvafiq nazirliyə veriləcək.

Yosunlar Mərmərə dənizinin təbii sakinləridir. Onların sürətlə çoxalmasının əsas səbəblərini alimlər suyun temperaturunun kəskin artması, kanalizasiya və sənaye tullantılarının dənizə axıdılmasında görürlər.