Rusiya, Türkiyə və BMT Ukrayna limanlarından ərzaq ixracı planı hazırlayıb

290

Rusiya, Türkiyə və BMT Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracı üçün təhlükəsiz dəhlizin fəaliyyətini təmin edəcək yol xəritəsi hazırlayıb.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Türkiyə bir müddətdir ki, Ukraynadan taxılın dünya bazarlarına təhlükəsiz çatdırılmasını təmin etmək mexanizmini formalaşdırmaq üçün diplomatik təmaslar aparır. Türkiyə tərəfi ilə Rusiya, Ukrayna və BMT nümayəndələri arasında aparılan danışıqlar nəticəsində “taxıl dəhlizi”nin funksionallığını təmin etmək üçün yol xəritəsi hazırlanıb.

Yaxın vaxtlarda İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT-nin iclası keçiriləcək. İclasda Ukrayna limanlarından taxıl ixracı müzakirə olunacaq. Dördtərəfli formatda marşrut, sığorta, gəmilərin təhlükəsizliyi, limanların minalardan təmizlənməsi, eləcə də koordinasiya mərkəzinin tərkibi kimi məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır.

İstanbulda yaradılan taxıl ixracı mərkəzi Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında qarşılıqlı əlaqəni tənzimləyəcək. Koordinasiya mərkəzinin fəaliyyətə başlaması Ukrayna limanlarından dünya bazarlarına 20 milyon ton taxıl ixrac etməyə imkan verəcək.