Bu il Bakı Limanında 21 mindən çox konteyner aşırılıb

288

2022-ci ilin ilk beş ayı ərzində Bakı Limanı vasitəsi ilə 21 046 ədəd konteyner (TEU ekvivalentində) aşırılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,1 %-lik artım deməkdir.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat katibi Elmar Həbibli deyib.

Onun sözlərinə görə, ilin sonuna kimi bu göstəricilərin artan xətlə davam edəcəyi proqnozlaşdırılır: “Bununla yanaşı bu ilin ilk beş ayı ərzində Bakı Limanı vasitəsi ilə quru yükün daşınmasında 23,7 %-lik, vaqon daşınmasında 18,9 %-lik, təkərli texnikaların daşınmasında isə 15,9 %-lik artım qeydə alınıb. Hər il olduğu kimi bu ilin sonunda da limanın illik yük aşırma göstəricisinin müsbət olacağı proqnozlaşdırılır”.

E.Həbibli bildirib ki, bu il ərzində Çinin müxtəlif istiqamətlərindən Avropa şəhərlərinə göndərilən bir neçə blok qatarı Azərbaycandan keçməklə Bakı Limanı vasitəsilə daşınıb:

“Limanın müasir texniki imkanları və peşəkar kadrları sayəsində bu yüklərin operativ qaydada qəbul edilməsi və yola salınması əməliyyatı icra edilir və bu da yük sahibləri üçün Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin daha da cəlbedici olmasına böyük töhfə verir.

Xüsusi ilə də qlobal logistikada təchizat zəncirinin əsas halqalarından hesab edilən konteyner daşımaçılığında hər il artım qeydə alınır ki, bu rəqəmlər Bakı Limanının statistik göstəricilərində də öz əksini tapır”.