ASCO gəmilərdəki dezinfeksiya işlərinə 3,6 milyon manat xərcləyib

276

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşlarından 2020-ci ildə 14 127 ədəd, 2021-ci ildə 27 081 ədəd test nümunələri götürülüb.

“Report” xəbər verir ki, bu barədə ASCO-nun 2020-2021-ci illəri əhatə edən Dayanıqlı inkişaf haqqında hesabatında qeyd edilib.

Hesabata görə, 2020-2021-ci illərdə ASCO dezinfeksiya işlərinə ümumilikdə 3 milyon 566 min 520 manat xərcləyib.

Belə ki, qurum ayrı-ayrılıqda dezinfeksiya işlərinə 2020-ci ildə 2 milyon 089 min 401 manat, 2021-ci ildə 1 milyon 477 min 119 manat vəsait xərclənib.

Hesabatda göstərilir ki, bundan əlavə COVID-19 pandemiyası ilə əlaqədar, əməkdaşların sağlamlığının qorunması məqsədi ilə, “məsafədən iş” prinsipinin tətbiqi ilə yanaşı, istehsalat zərurəti ilə əlaqədar işə cəlb olunan əməkdaşların növbəli iş rejimində işləməsi, bu işçilərdən, o cümlədən üzən heyətdən mütəmadi olaraq PCR test nümunələrinin götürülməsi, iş yerlərinin davamlı dezinfeksiya olunması təmin edilib.

Bu işlərin koordinasiyasını təmin etmək məqsədi ilə, ASCO-da xüsusi qərargah yaradılmış, xəstəliklə bağlı sualların və müraciətlərin operativ şəkildə cavablandırılması üçün 24 saat fəaliyyət göstərən “Qaynar xətt” istifadəyə verilmiş və pandemiya dövründən çıxış ilə bağlı Tədbirlər Planı hazırlanıb.