Özbəkistan rəsmisi : “Bakı Limanı Azərbaycanla regional əməkdaşlıq üçün əsas rol oynayır”

340

“Azərbaycan və Özbəkistan regional əməkdaşlıq üçün mühüm lokomotivdir və Bakı Limanı bu transregional logistik əlaqədə əsas rol oynayır”.

“Report” “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə istinadən xəbər verir ki, bunu Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar İnstitutunun rəis müavini Akramjon Nematov Bakı Limanına səfəri zamanı bildirib.

Onun rəhbərliyi ilə nümayəndə heyəti və Özbəkistanın Azərbaycandakı səfirliyinin nümayəndələri Limanın Marketinq və satış departamentinin müdiri Anar İbrahimov və digər rəsmi şəxslərlə görüşüblər. Qonaqlara limanda regional ticarətin asanlaşdırılmasına və mövcud ticarət dəhlizlərində tranzit və multimodal daşımaların təkmilləşdirilməsinə dəstək vermək məqsədi daşıyan son yeniliklər barədə məlumat verilib.

Səfər iştirakçıları, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda Özbəkistanın quru limanları və Bakı Limanının rolunu və Mərkəzi Asiyadan Avropaya fasiləsiz yük axınının təmin edilməsi üçün həyata keçiriləcək uğurlu fəaliyyətləri də müzakirə ediblər.

Görüşdə qeyd olunub ki, hər iki ölkənin limanları və logistik şəbəkələri arasında tərəfdaşlıq regionda yeni nəqliyyat və logistika marşrutlarının yaradılmasına böyük töhfə verəcək və bu, rəqəmsallaşdırılmış və sürətli yükdaşımaların daha da artması üçün yeni imkanlar açacaq.