Orta Dəhlizin aktivliyini artırmaq üçün bir sıra həllər təklif edilir

279

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhlizin) aktivliyinin daha da artırılması üçün bir sıra vacib həllər lazımdır.

Bunu ‘‘Report’’a açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev deyib.

Onun sözlərinə görə, Orta Dəhlizin tam fəaliyyət göstərməsi üçün ümumi planda bir sıra işlər nəzərdə tutulur və bu işlərin hamısı icra edilir: ‘‘Orta Dəhlizin infrastrukturunun yaxşılaşdırılması üçün bir sıra işlərin sürətləndirilməsinə ehtiyac var”.

R.Ağamirzəyev qeyd edib ki, dünyada təchizat zənciri indiyənə qədər formalaşmışdı: “Bütün yüklər indiyənə qədər haçalanmış şəkildə gönədirilirdi, bizim ölkənin ərazisindən isə kiçik həcmdə yüklər keçirdi. Rusiya-Ukrayna münaqişəsinə görə Şimal istiqamətində göndərilən yük axını dayandı, Ukrayna limanları isə bloklandı. Digər tərəfdən yüklərin Şimal istiqamətdə göndərilməməsi məsələsi siyasi əhəmiyyət daşıyır. Hazırda yüklər hara boşdursa, ora yönəlir. Əsas məsələ limanların, dəmir yollarının bu yüklərin qəbul etmək imkanları ilə bağlıdır. Ona görə də buna müvafiq həllər olmalıdır. Bu isə bir günlük iş deyil, orta və uzun vədəli perspektivdir”.

Ekspert qeyd edib ki, Orta Dəhlizin əsas iştirakçılarından biri Azərbaycandır: ‘‘Qərb istiqamətində dəmir yolları modernləşdirilmiş, Bakı-Böyük-Kəsik xəttinin elektrik təchizatı sisteminin mərhələli şəkildə 25 kV-luq dəyişən cərəyanlı dartıcı elektrik təchizatı sisteminə keçidi həyata keçirilir”.

O vurğulayıb ki, Böyük-Kəsikdən Ucara qədər dəyişən cərəyanla bağlı işlər bitib, lakin Bakıdan Ucara qədər bununla bağlı işlər davam etdirilir: “Dəyişən cərəyan elektrik təchizat sistemi xərclərin optimallaşdırılmasına səbəb olur. Buna uyğun “Alstom” şirkətindən 40 lokomotiv alınıb. Bu lokomotivlərin maksimal sürəti saatda 120 km/saatdır, 9 min tona qədər yükü daşıya bilir. Bu, bizim güclü tərəflərimizdir.

Həmçinin siqnalizasiya sisteminin vahid dispetçer mərkəzindən idarə olunan mikroprosessor əsaslı sistemlə əvəzlənməsi istiqamətində də işlər davam etdirilir. Hazırda hərəkət heyəti də yenilənir”.

R.Ağamirzəyev bildirib ki, Sumqayıt-Yalama dəmir yolu Azərbaycanın tranzit-logistika potensialının gücləndirilməsində önəmli rol oynayan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində yenidən qurulur “.

O qeyd edib ki, əsas Gürcüstan istiqamətində yüklərin şaxələndirməsinə ehtiyac var: ‘‘Gürcüstanla danışıqlar apararaq Balakən və Laqodexi istiqamətində dəmir yolu əlaqəsini yaratmaqla yük axınlarının parçalanması istiqamətində işlərin görülməsinə ehtiyac var. Bundan əlavə, ‘‘Gürcüstanın Dəmir Yolları’’ Səhmdar Cəmiyyəti söz verib ki, Rikoti aşırımında tunel kompleksini təhvil verəcək və bu Gürcüstan ərazisində dəmir yolunda yüklərin buraxıcılıq qabiliyyətini artıracaq, həmçinin sürətə birbaşa təsir edəcək. Bunların hamısı bir-biri ilə əlaqəli işlərdir”.

Ekspertin sözlərinə görə, Gürcüstanın 10 il əvvəl dərin sulu liman yaratmaqla bağlı planları var idi: “Anaklia limanı Gürcüstanın ən dərin limanına çevriləcək, onun dərinliyi 20,5 metrə çatacaq. Mövcud limanlarda bu rəqəm xeyli azdır: Batumidə – 14 metr, Potidə – 8,5 metr. 400 hektar əarazini əhatə edəcək Anaklia limanı Panamax və Postpanamax sinif gəmiləri qəbul edə biləcək. Anakliada uzunluğu 12,3 km olan 32 yanalma körpüsü tikiləcək. Limanın keçid qabiliyyəti ildə 100 milyon ton yükə çatacaq. Layihənin daha ətraflı təsviri hələlik yoxdur. Müqayisə üçün bildirim ki, Rusiyanın Novorossiysk limanı ildə təxminən 120 milyon ton yük daşıyır, limanın dərinliyi neft terminalında 24 metr, digər terminallarda isə 14 metrə çatır. Lakin Türkiyədə bu kimi limanlarla bağlı işlər icra edilib. Türkiyədə Trabzon limanını, İydərə logistik terminalını qeyd edə bilərik. Bu limanlar da gələcəkdə dəmir yolu xətti ilə əlaqələndiriləcək. Bu kimi limanlar yüklərin bizim regionda qalmasına səbəb olacaq”.

R.Ağamirzəyevin sözlərinə görə, Orta Dəhlizin mühüm seqmentlərindən biri Türkiyədir: ‘‘Türkiyənin Bakı-Tbilisi-Qars dəmir yollarını qəbul edən hissəsində günlük yükötürmə qabiliyyəti özlərinin elan etdiyi kimi 3 500 tondur. Bu istiqamətdə də işlər görmək lazımdır ki, yükötürmə qabiliyyəti daha da artırılsın. Hazırda Orta Dəhlizə yönələn yük axının qarşısında bu göstərici çox aşağıdır’’ .

O deyib ki, yüklərin təhlükəsizliyinin təminatı məsələsi də aktualdır: “Bununla yanaşı, əgər, sabah Rusiya-Ukrayna müharibəsi dayanarsa bu yüklər bizdən yan keçməyəcək ki? Bu kimi məsələlər var. Ona görə də dəhliz ölkələri investisiyalarını genişləndirməlidirlər. Burda böyük yüklərdən söhbət gedir, çünki bu günə qədər ötürdüyümüz orta və kiçik həcmli yüklər olub. Amma böyük yüklərdən danışırıqsa, limanların genişləndirilməsi, limanlar arasında əlaqələrin, bərələrin artırılması, fider gəmilərin artırılması nəzərdə tutulmalıdır. Yük artıqca onun hərəkət tərkibi, lokomotivlərin sayı artırılmalıdır. Azərbaycan qismən bu işləri görüb, lakin yük artdıqca davamlı investisiya olmalıdır, bu işlər şaxələndirilsin”.

R.Ağamirzəyev əlavə edib ki, Zəngəzur dəhlizi yeni fürsətlər açacaq:”Yük göndərmək üçün nə qədər çox istiqamətlərimiz varsa, bir o qədər bizim qəbul etmək imkanlarımız artır. Dəhliz ölkələri eyni ilə bu işlər görməlidirlər”.

Ekspert müharibə başa çatandan sonra yüklərin Orta Dəhlizdə qalmaq ehtimalına münasibət bildirib: “Məncə, buna qədər nəzərdə tutulan işləri tez icra edə bilsək, yüklərin önəmli hissəsini çəkib və növbəti investisiyalar üçün stimul yarada bilərik. Azərbaycan 2017-ci ildən etibarən infrastrukturun yaxşılaşdırılması istiqamətində fəal olaraq işləri həyata keçirir. Bununla yanaşı, həm Gürcüstan, həm Azərbaycan ərazisindən aktiv işlər aparılır. Ümumiyyətlə, dəhliz ölkələri arasında yük aşırmada daha real və tez nəticə verən Azərbaycan və Gürcüstan olacaq”.

Ekspert bu ay Azərbaycan-Türkiyə -Qazaxıstan nəqliyyat nazirlərinin Bakı görüşü ilə bağlı da fikirlərini bölüşüb: “Bir neçə müddət əvvəl Gürcüstan-Azərbaycan- Türkiyə nəqliyyat üzrə dövlət rəsmiləri görüşüb. Bu dəfə isə Azərbaycan-Türkiyə-Qazaxıstan nəqliyyat nazirləri toplandı. Bu kimi görüşlər dəhlizin inkişafı istiqamətində mühüm əhəmiyyət kəsb edir. Azərbaycan-Türkiyə-Qazaxıstan rəsmilərinin görüşündə əsas optimallaşdırma, sənəd dövriyyəsi ilə bağlı müzakirələr aparılıb. Dəhlizdə rəqəmsallaşma tam icra olunduğu təqdirdə, yüklərin çatdırılmasının vaxtı daha da azalar. Bu isə dəhlizin cəlbediciliyini daha da artırar”.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif, “Bir pəncərə” prinsipi tətbiq olunur.