Kiçikhəcmli gəmi istifadəçilərinə texniki talonlar təqdim edilib – FOTO

211

Lənkəran rayonunun Balıqçılar qəsəbəsində fəaliyyət göstərən bir qrup kiçikhəcmli gəmi istifadəçisinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən qayıqlara texniki baxış keçirilib.

Nazirlikdən bildirilib ki, baxış zamanı gəmilərin texniki sənədləri, həmin nəqliyyat vasitələrinin yük və sərnişingötürmə qabiliyyəti üzrə texniki tələb və normaları, mühərriklərin gücü və sayı, üzmə rayonu, suüstü bortun minimal hündürlüyü, eyni zamanda xilasetmə və yanğın əleyhinə vasitələr, siqnal işıqları, naviqasiya və digər avadanlıqlarla təchizatı yoxlanılıb.

Qeyd edək ki, texniki baxışın keçirilməsi üçün ərazi üzrə ümumilikdə 109 asma mühərrikli qayığın sahibindən müraciət daxil olub. Texniki baxış nəticəsində norma və tələblərə cavab verən 98 su nəqliyyat vasitəsinin (qayığın) sahibinə üzməyə icazə verən texniki talon təqdim olunub.